Saatlı rayonu print

Saatlı rayonu 1943-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv olunaraq ərazisi Sabirabad rayonuna verilmişdir. 1965-ci ildən yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Saatlı rayonu Mil və Muğan düzləri ərazisində yerləşib okean səviyyəsindən aşağıdadır (-28 m-ə qədər).
Geoloji quruluşu. Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazisindən Araz, şimal sərhədi boyu az məsafədə Kür çayı keçir. Araz Türkiyə ərazisində Bingöl silsiləsindəki (2600 m) külli miqdarda bulaqlardan formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazi, əsasən, yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl iqliminə malikdir. Boz-çəmən, çəmən-boz, şorakət, bataqlıq-çəmən, torpaqları yayılmışdır. Ərazinin florası bir neçə bitki formasiyalarına malikdir. Rütubətin yüksək olduğu yerlərdə, əsasən, adi qamış (Phragmites australis), dəniz liğvəri (Bolboschoenus maritimus), qarğı (Arundo donax), suoxu (Butomus umbellatus), suincilosu (Batrachium divarication), cil (Carex sp.), skripoides (Scripoides lacustris) kimi çəmən-bataqlıq bitkiləri geniş yayılmışdır. Qrunt sularının səviyyəsinin yuxarı olduğu çəmən tipli torpaqlarda şirin biyan (Glycyrrhiza glabra), çayır (Cynodon dactylon), çöl sarmaşığı (Convolvulus arvensis) və efemer bitkilər yayılmışdır. Kür və Araz çaylarının bilavasitə sahillərində tuqay meşələrinin fraqmentləri qalmışdır. Burada ağyarpaq qovaq (Populus hybrida), ağ tut (Morus alba), qarağac (Ulmus glabra) ağaclarına, budaqlı yulğun (Tamarix ramosissima), böyürtkan (Rubus sp.) kollarına rast gəlinir.
Fauna. Ərazi, əsasən, su-bataqlıq quşları ilə zəngindir. Burada boz qaz (Anser anser), ağalın qaz (A.albifrons), ağqaş qaz (A.erythropus), qırmızıdöş kazarka (Branta ruficollis), harayçı ququ quşu (Cygnus cygnus), fısıldayan qu quşu (C.olor), anqut (Tadorna tadorna) və s. quşlara rast gəlinir. Burada məməlilərdən canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), qaban (Sus scrofa), boz (Myocastor coypus) və s. canlılar yaşayır.
Arxeoloji abidələri. Cəfərxan kəndi yaxınlığında antik dövrə aid Cəfərxan qəbiristanlığı arxeoloji abidə. Üç tip qəbir abidəsi (küp, torpaq, çiy kərpiclə hörülmüş) qeydə alınmışdır. Ölülər bükülü vəziyyətdə dəfn olunmuşdur. Muğan düzü əhalisi oturaq həyat sürmüş, Kiçik Asiya, Aralıq dənizi tayfaları ilə mədəni-iqtisadi əlaqələr yaratmışlar. Varxankənd, Əlisoltanlı, Azadkənd kəndləri yaxınlığında m.ə. II-I əsrlərə aid arxeoloji abidələr. Keçiqıran küp qəbirlər nekropolu. Qıraqlı kəndi yaxınlığında Daş Dövrünə aid Araz düşərgəsi. Qaralar kəndi yaxınlığında Tunc Dövrünə aid yaşayış yeri.
Tarixi-mədəni abidələri. Sancalar kəndi yaxınlığında antik dövrə aid nekropol. Məhəmmədabad kəndi yaxınlığında II-III əsrlərə aid nekropol. Qaralar kəndi ərazisində m.ə. III əsrlər - antik dövrlərə aid nckropollar. Nərimankənd kəndi yaxınlığında XI-XIII əsrlərə aid yaşayış yeri.