Hacıqabul rayonu print

1939-cu ilədək Hacıqabul adlanırdı. 1939-cu ildən Qazıməmməd adlanmışdır. 1990-cı ildən əvvəlki adı qaytarılmışdır.
Relyefi. Hacıqabul rayonu Kür-Araz ovalığının cənub-şərqində, Şirvan düzünün və Böyük Hərəmi silsiləsinin cənub-şərq hissəsində yerləşir. Ərazisinin ovalıq hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir.
Geoloji quruluşu. Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazidən Kür və Pirsaat çayları axır. Hacıqabul gölü rayonun ərazisindədir. Pirsaat çayı başlanğıcını Böyük Qafqazın şərq kənarından, 2400 m yüksəklikdən götürür. Çayın 12 qolu vardır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi yayı quraq keçən nnilayim-isti yarımsəhra və quru çöl iqliminə aiddir. Boz-qonur, boz- çəmən. çəmən-bataqlıq, şoran torpaqlar yayılmışdır. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Florası yarımsəhra və səhra tiplidir.
Bunlar, əsasən, çoğan (Gypsophila paniculata), dəniz liğvəri (Bolboschoenus maritimus), dazıçiçək keçialaci (Reaumuria cistoides), qarağan (Salsola tragus), əvəlik (Rumex sp.). skabioza (Scabiosa plumosa), adaçayı (Salvia verbenaca), zəhərli qaymaqçiçəyi (Ranunculus sceleratus), sivrim əzgən, (Kochia prostrata), qışotu (Petrosimonia brachiata), qaraşoran (Halocnemum strobilaceum), adi ilişən (Caucalis lapppula), adi qazayağı (Falcaria vulgaris), şahsevdi (Halostachys sp.). cincilə (Spergularia sp.). şirin biyan (Glycyrrhiza glabra), sünbüllü bağayarpaqçiçək (Psyllostachis spicata) ibarətdir.
Kollardan rus itüzümü (Lycium ruthenicum), acılıq (Ephedra sp.), iti cığ (Juncus acutus), şober şorgiləsi (Nitraria schoberi), yulğun (Tamarix sp.), alovlu gəvən (Astragalus igniarius) yayılmışdır. Kür çayı sahillərində ağyarpaq qovaq (Populus hybrida), söyüd (Salix sp.), növlərindən ibarət seyrək tuqay meşəliyi vardır. Çətir altında amorfa (Amorpha sp.), böyürtkan (Rubus sp.) sıx cəngəllik yaradır. Burada, həmçinin, murdarça (Rahamnus sp.), adi nar (Punica granatum), meşə üzümü (Vitis silvestris) kollarına rast gəlinir.
Faunası, ceyran (Gazella subgutturosa), safsar (Vormela peregusna), çöl pişiyi (Felis libyca), qırmızıquyruq qumsiçanı (Meriones libycus), Kiçik Asiya qum siçanı (Meriones tristrami), Levant irigürzə (Macrovipera lebetina), turac (Francolinus francolinus), qamışlıq belibağlısı (Circus aeruginosus), qızılı qızlarquşu (Merops apiaster), suriya sarımsaqiyli qurbağası (Pelobates syriacus), fərat çapağanı (Megacephalus euphraticus) və s. canlılardan ibarətdir.
Geoloji təbiət abidələri. Rayon ərazisi palçıq vulkanları ilə zəngindir. Əsas vulkanları Pirqarın, Göytəpə, İncəbel, Yandərə, Daşmərdan, Şəki- xan, Durandağ, Qızdağ, Əkizdağ, Kiçik-Mişovdağ, Böyük-Mişovdağ və s. palçıq vulkanlarıdır.
Tarixi-mədəni abidələri. Pirsaatçay Xanəgahı (Pir Hüseyn Türbəsi). Kompleksin dövrümüzə gəlib çatmış hissəsi müdafiə divarları ilə əhatə olunmuş, dördbucaqlı həyət ətrafında qruplaşmış Pir Hüseyn Türbəsi, məscid, minarə və s. tikililərdən, qəbiristanlıq və karvansara qalıqlarından ibarətdir.
İç otaqdakı hücrələrdə 2 məzar vardır. İçəridəki məzarın biri Şeyx Pir Həsən Şirvaniyə (Ravani) məxsusdur.
Bu məzarın üzərində iki ədəd “şəfa daşı” qoyulmuşdur. İnanca görə bədən və oynaq ağrıları olan insanlar əllərini bu daşa sürtməklə sağalırlar. Xanəgah (dərviş monastrı) Şirvanşah Əfridun Əbül-Müzəffər Fəribürz (III Fəribürz, 1225-1255) dövründə Şərəf əl-Dövlə vəl-Həsən tərəfindən inşa edilmişdir.
Pir Hüseyn Şirvani (954-1072) Orta Əsrlər Şərqinin dahi şəxslərindən biri, sufiliyin “qələndəriyyə” təriqətinin başçısı olmuş, sufilikdə üçüncü dərəcəyə (əl-salik) çatmış, imam ləqəbi almışdır.