Yavlax rayonu print

Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv olunaraq ərazisi Ağdaş, Bərdə və Qasım-Ismayılov (indiki Goranboy) rayonlarına verilmişdir. 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur.
Relyefi. Rayonun şərq və qərb ərazisi Gəncə-Qazax düzənliyinin cənub-şərq hissəsi ilə hüdudlanır. Cənub və qərb hissə Qarabağ və Şirvan düzlərinin şimal-qərb kənarı olub düzənlik sahələrdir. Şimal ərazilərdəki tirəli-təpəli hissələr Xocaşen, Bozdağ (Gəncə Bozdağı), Arçandağ silsilələrindən ibarətdir. Türyançay Dövlət Təbiət qoruğunun qərb hissəsi burada yerləşir.
Geoloji quruluşu. Dağlıq hissədə Neogen, düzənliklərdə isə Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Əlican, Korçay və İncə çaylarıdır. İncəçay öz mənbəyini Kiçik Qafqazdan, Murovdağın (3343 m) şimal-şərq yamacında 2580 m yüksəklikdən götürür. Əlican 3500 m yüksəklikdə formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi qışı quraq keçən mülayim-isti və quru - çöl iqliminə aiddir. Boz - çəmən, allüvial çəmən- meşə, şorakətvari boz-qonur torpaqları vardır.
Düzənlik ərazilərdə yovşan (Artemisia sp.) üstünlük edən yarımsəhralar formalaşmışdır. Kür çayının sahillərində tuqay meşələrinin qalıqlarına rast gəlinir. Burada ağyarpaq qovaq (Populus hybrida), yulğun (Tamarix sp.), saqqızağac (Pistacia mutica), söyüd (Salix sp.) və b. ağac və kol növlərinə rast gəlinir.
Xocaşen silsiləsi və Bozdağ ərazilərindəki yovşanlı yarınsəhra fonunda, eləcə də çay vadiləri yaxınlığındakı yüksəkliklərdə saqqızağac, ardıc, nar, qaratikandan ibarət seyrək meşəliklər yayılmışdır. Kol və ot yarusunda Pallas murdarçası (Rhamnus pallasii), müxtəlif yovşan (Artemisia sp.) növləri, soğan (Allium sp.), buğdayıot (Aegilops sp.), məryəmnoxudu (Teucrium sp.) və s. bitkilərə rast gəlinir.
Fauna. Ərazinin heyvanlar aləmi zəngindir. Burada məməlilərdən dovşan (Lepus europaeus), adi tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), canavar (Canis lupus), İran sincabı (Sciurus anomalus), quşlardan qayalıq kəkliyi (Alectoris chukar), turac (Francolinus francolinus) və s. su-bataqlıq quşları vardır.
Arxeoloji abidələri. Qaraməmmədli kəndi yaxınlığında m.ə. III minilliyə aid Qoçtəpə kurqanları. Qaramanlı kəndi yaxınlığında Tunc və Dəmir Dövrlərinə aid kurqanlar.
Tarixi-mədəni abidələri. Qaraməmmədli kəndi yaxınlığında orta əsrlərə aid Qoşatəpə kurqanları və yaşayış yeri. Malbinəsi kəndi yaxınlığında məscid (XIX əsr). Xaldan kəndi yaxınlığında antik dövrə aid nekropol. Qədim şəhər (Ərəş) xarabalıqları.