Bərdə rayonu print

Rayon 1930-cu ildə təşkil edilmişdir.
Bərdə şəhəri Azərbaycanın qədim şəhərlərindəndir. Qədim şəhərin xarabalığı indiki Bərdə şəhərinin yaxınlığında yerləşir. Makedoniyalı İsgəndər, Selevkilər, Arşakilər və Qədim Roma imperiyaları dövrünə aid olan pul tapıntıları Bərdənin mühüm sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri olduğunu göstərir. Ərəb tarixçisi Bəlazuri (IX əsr) Bərdənin Sasani hökmüdarı I Qubad (488-531) tərəfindən salındığını göstərir. Qədim Alban tarixçisi Movses Kalankatuyklu Bərdənin Alban hökmdarı II Vaçenin dövründə salındığını bildirir. Sasanilər dövründə Bərdə canişinlik mərkəzi (V əsr), Qafqaz Albaniyasının paytaxtı, Alban kilsəsinin mərkəzi (VI əsr), Arran vilayətinin paytaxtı (VIII əsr), III ərəb əmirliyinin mərkəzi olmuşdur. Mühüm strateji məntəqə olan Bərdənin VII əsrdə əhalisi 100 min nəfərdən çox idi. Bərdədə pul kəsilirdi.
Relyefi. Kür-Araz ovalığının şimal-qərb hissəsində, Qarabağ düzünün mərkəzi ərazilərində yerləşir. Səthi azmeyilli və dalğalı düzənliklərdən ibarətdir.
Geoloji quruluşu. Antropogen sisteminin çöküntüləri ilə örtülüdür.
Çayları və su hövzələri. Rayon ərazisindən Tərtər və Xaçın, şimal sərhədi boyu isə Kür çayları keçir. Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür.
Tərtərçayın 31 qolu var. Xaçınçay Kiçik Qafqazın Hacı-Yurd (2397 m), Uyuxlu (2316 m), Çiçəkli (2343 m), Alla-Qaya (2585 m) dağlarının bulaqlarından formalaşır. Çayın əsas 12 qolu vardır.

Landşaftları və bioloji müxtəlifliyi. İqlimi mülayim isti və quru subtropikdir. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, qıırıı bozqır və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək tuqay meşələri vardır. Bərdə Dövlət Təbiət Yasaqlığının bir hissəsi burada yerləşir.
Qarabağ düzü regionunun əsas xüsusiyyətlərindən biri burada yarımsəhra bitki örtüyü zonasında düzən palıd və palıd-qarağac meşələrinin yayılmasıdır. Vaxtilə Qarabağ düzündə düzən meşələri geniş ərazilərdə yayılmışdır. Bərdə şəhərinin ətrafındakı Lək kəndi yanındakı kiçik sahədə düzən meşəsi qalmışdır. Burada ağaclıq yaradan ağac növü uzunsaplaq palıd (Quercus longipes) sayılır. Ona adətən adi qarağac (Ulmus foliacea) və mantar qarağac (U.suberosa) qarışır. Relyefin çökək yerlərində tut (Morus sp.) və yulğun (Tumarix sp.) bitir. Meşə altında yemişan (Crataegus sp.), əzgil (Mespilus germanica), ishal murdarçası (Rhamnus catharica), qaramurdarça (Cornus sanguinea), nar (Punica granatum) və bəzən qaratikan (Paliurus spina-christi) bitir.
Burada həmçinin çala və bataqlıq bitki qruplaşmaları geniş yayılmışdır. Çökəkliklərin daha çox rütubətli yerlərində cığ (Juncus sp.). südləyən (Euphorbia sp.), böyürtkən (Sorbus sp.) və başqa bitkilər yayılmışdır.
Çala bitki qruplaşmalarında biyan (Glycyrrhiza glabra), dəvətikanı (Alhagi pseudoalhagi), şovis yovşanı (Artemisia szovitziana) və b. üstünlük təşkil edir.
Rütubətli çökək yerlərdə kiçik sahələrdə süsən (Iris sp.) üstünlük təşkil edən çəmənliklər geniş yayılmışdır.
Bərdə meşə təsərrüfatının Kür qırağı tuqay meşə ərazisində ağyarpaq qovaq (Populus hybrida), söyüd (Salix sp.), uzunsaplaq palıd (Quercus longipes), qarağac (Ulmus sp.), tut (Morus sp.) ağaclıqları, yulğun kolluqları vardır. Meşə altı kollardan yulğun, iydə (Elaeagnus sp.). nar (P. granatum). qaramurdarça (C.sanguined), yemişan (Crataegus sp.). qaratikan (P.spina-christi) və b. göstərmək olar.
Tərtərçayın Kürə qarışdığı yerin yaxınlığında kiçik sahədə saqqızağac (Pistacia mutica) meşəsi qalmışdır. Burada saqqız ağaclığına uzunsaplaq palıd qarışır. Meşəaltı kollar sıx olub, əsasən qaratikandan (Paliurus spina-christi) ibarətdir. Ona tək-tək göyəm (Prunus spinosa) qarışır. Ot örtüyü sıx olub tərkibində qırtıc (Poa sp.), topal (Festuca sp.), yovşan (Artemisia sp.) üstünlük edir. Tək-tək zəncirotu (Taraxacum sp.), ətirşah (Geranium sp.), tikanlı kəvərə (Capparis spinosa) rast gəlinir.

Heyvanları canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), qaban (Sus scrofa), boz dovşan (Lepus europaeus), meşə pişiyi (Felis silvestris), qamışlıq pişiyi (Felis chaus), porsuq (Meles meles), meşə dələsi (Martes martes), süleysin (Glis glis)  və s., quşlardan turac (Francolinus francolinus), qırqovul (Phasanius colchicus), harayçı qu quşu (Cygnus cygnus), fitçi cürə (Anas crecca), qırmızı ördək (Tadorna ferruginea), meşə cüllütü (Tringa ochropus), alabaxta (Columba palumbus), kiçik və böyük qarabatdaq (Phalacrocorax pygmeus, P.carbo) və s.