Cəbrayıl rayonu print

Cəbrayıl rayonu 1930-cu ildə təşkil edilmişdir. O, əvvəllər Yelizavetpol quberniyasının Cəbrayıl qəzası adlanmışdır.
23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Səthi, əsasən, maili düzənlik (İncəçöl, Gəyan çölü), şimalda alçaq dağlıqdır. Əsas çayları Araz, İncəçay və Çaxmaqçaydır.
Geoloji quruluşu. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri Əsas çayları Araz və onun qolu olan Çaylaqdır. Çaylaqçay başlanğıcını Kiçik Qafqazın cənub ətəyindən (1750 m) alır. Çaylaqçaydan suvarma işlərində geniş istifadə edildiyinə görə suyu mənsəbə çatmır.
Landşaftları və bioloji müxtəlifliyi. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim- istidir.
Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstün olmaqla bərabər meşə sahələri də vardır. Orta və aşağı ərazilərində iberiya palıdı (Quercus iberica), vələs (Carpinus sp.), əzgil (Mespilus germanica), yemişan (Crataegus sp.), doqquzdon (Lonicera sp.), birgöz (Ligystrum sp.), zirinc (Berberis sp.), nar (Punica granatum), saqqızağac (Pistacia mutica), söyüdyarpaq armud (Pyrus salicifolia), qaratikan (Paliurus spina-christi), ardıc (Juniperus sp.) kimi ağac və kol növləri yayılmışdır. Çay qıraqlarında yulğun (Tamarix sp.), söyüd (Salix sp.), qovaq (Populus sp.), çaytikanı (Hippophae rhamnoides), nar (P. granatum), böyürtkan (Rubus sp.) yayılmışdır. Heyvanlardan dağlıq ərazilərdə cüyür (Capreolus capreolus), qonur ayı (Ursus arctos), nisbətən aşağı sahələrdə isə canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), qaban (Sus scrofa), çölpişiyi (Felis silvestris), vaşaq (Lynx lynx), boz dovşan (Lepus europaeus), ağdöş kiıpi (Erinaceus concolor), porsuq (Meles meles) və s. canlılara rast gəlinir. Ərazidə quşlardan turac (Francolinus francolinus), qırqovul (Phasianus colchicus), boz kəklik (Perdix perdix), bozqır qartalı (Aquila nipalensis), bozqır-muymulu qızılquş (Falco naumanni), Leşcil ağqartal (Neophron percnopterus), ağbaş kərkəs (Gyps fulvus) vardır.
Geoloji təbiət abidələri. Ərazinin maraqlı geoloji təbiət abidələrindən biri Dağ-Tumas kəndi yaxınlığında yerləşən «Divlər Sarayı» karst mağarasıdır. Cəbrayıl rayonu öz qədim çinarları ilə məşhurdur. Burada 1000-3000 yaşlı çinarlara rast gəlinir. Akademik Validə Tutayuk Horovlu kəndində 1000 yaşlı, Fuqanlı kəndində 2800-3000 yaşlı, Karxulu kəndində isə yaşı 3000 ildən çox olan çinarların olduğunu qeyd edir.
Arxeoloji abidələri. Şıxlar kəndində Daş Dövrünə aid Şıxlar Mağarası.
Tarixi-mədəni abidələri. Şıxlar kəndində dairəvi türbə (XIV əsr). Xubyarlı kəndində dairəvi və səkkizguşəli türbələr (XVII əsr). Cəbrayıl şəhərində orta əsrlərə aid Ağ- oğlan nekropolu, Sultan Allahverdi hamamı. Darıdağın yaxınlığında Qız qalası (XII əsr). Xudafərin körpüsü.