Xocavənd rayonu print

Xocavənd rayonu 1930-cu ildə təşkil edilmişdir. 1991-ci ilə qədər bolşevik-inqilabçı A.Myasnikyanın təxəllüsü ilə Martuni adlanmışdır. 2 oktyabr 1992-ci ildə ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Xocavənd rayonunun səthi qərbdə alçaq dağlıq (Qarabağ silsiləsinin cənub-şərq qolları), şərqdə isə düzənlikdir (Mil düzünün dağətəyi hissəsi).
Geoloji quruluşu. Səthi Yura və Tabaşirin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur.
Çayları və su hövzələri. Əsas çayları Köndələn, Xonaşen, İşxan çaylarıdır. Köndələnçay Kiçik Qafqazın Çaxmaq silsiləsinin şərq yamacından, 1780 m yüksəklikdəki bulaqdan başlayır.
Landşaftları və bioloji müxtəlifliyi. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyündə yarımsəhra və quru bozqır bitkiləri üstündür.
İqlimi, əsasən, yayı quraq keçən mülayim istidir.
Ərazinin flora-faunası Şuşa və Xocalı rayonları ilə eynidir. Kolluqlar və enliyarpaq meşələr vardır. Xocavənd rayonunda Qarakənd kəndi yanında 0.5 ha sahədə palıd ağaclığına vələsyarpaq azatağac (Zelkova carpinifolia) ağacları qarışır.
Rayonun Tağavert kəndi ətrafında, Böyük Tağlar kəndləri yaxınlığında dəniz səviyyəsindən 1200-1300 m yüksəklikdə şabalıd ağacları (Castanea sativa) vardır.
Çirişli dağının aşağı hissəsində dəniz səviyyəsindən 1160-1210 m yüksəklikdə yamacın şimal baxarında meşəlikdə bir-birindən təxminən 100 m-ə qədər aralı məsafədə 30-a yaxın şabalıd ağacları (Castanea sativa) bitir. Burada şabalıd ağacları palıd-
vələsi meşəliyinin tərkibinə daxil olur. Meşə altında müxtəlif kol növləri - fındıq (Corylns avellana), murdarça (Rhamnus sp.), alça (Prunus divaricata), göyəm (Prunus spinosa), gərməşov (Euonymus sp.), yemişan (Crataegus sp.), əzgil (Mespilus germanica), itburnu (Rosa sp.) və s. bitir. Meşələrdə həmçinin vələs (Carpinus sp.), ağcaqayın (Acer sp.), gilas (Cerasus avium), göyrüş (Fraxinus sp.) və palıd (Quercus sp.) növləri yayılmışdır.
Təbiət abidələri. Ərazi termal bulaqlar, şəlalələr və karst mağaraları kimi geoloji təbiət abidələri ilə zəngindir. Qiymətli bioloji təbiət abidələrindən biri Qarakənd yaxınlığında 5 ha sahədə sonuncu buzlaşmadan əvvəlki dövrə aid olan azatağac (Zelkova sp.) meşəliyidir. Ağacların orta yaşı 100 il, gövdələrinin orta diametri 25 sm olmuşdur. Azərbaycanın ən qocaman çinarlarından biri - 2000 yaşlı Xocavənd Çinarı burada yerləşir.
Tağlar və Azıx mağaraları öz tarixi əhəmiyyəti ikə yanaşı, həm də bir neçə yarasa növlərinin kütləvi saxlandığı müvəqqəti, daimi və qışlama sığınacaqlarıdır.
Arxeoloji abidələri. Azıx kəndinin cənubunda Azərbaycanın qədim yaşayış məskənlərindən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr olan Azıx mağarası. Buradan dünyanın ən qədim sakinlərindən olan 350-400 min il yaşlı Azıxantropun alt çənəsi tapılmışdır. Böyük-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr olan Tağlar mağarası. Bu mağara Mustye mədəniyyətinə aid ən möhtəşəm mağara-düşərgələrdən biridir. Burada 90 milyon il əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu müəyyənləşmişdir. Tağlar Mağarası bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində daimi yaşayış olan yeganə abidədir.
Tarixi-mədəni abidələri. Çörəkli kəndində alban məbədi (V əsr). Gavalım kəndində alban məbədi (995-ci il). Cəmiyyət kəndində Bağır xan məbədi (Xll əsr). Güneyçartar kəndində alban məbədi (1236-cı il). Xocavənd şəhərində türbə (XVII əsr). Dolanlar kəndində türbə (XII əsr), məbəd (XIII əsr).