Qubadlı rayonu print

Bir versiyaya görə, Qubadlı toponimi Sasani hökmdarı I Qubad Firuzun (488-531) adı ilə bağlıdır. Tarixi mənbələrə görə, Qarabağ xanı İbrahimxəlil xan Qubadlı kəndinin torpaq sahəsini qardaşı Mehdiqulu xana bağışlamışdı. Sonradan Rus-İran müharibələri zamanı viranə qalmış kəndi canişin rus generalı P.Kotlyarevski Hacı Ağalar bəy adlı birisinə vermişdir.
Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil edilmişdir. O, 1963-cü ildə ləğv edilərək Zəngilan rayonuna qatılmış, 1964- cü ildən yenidən müstəqil inzibati rayon olmuşdur. 31.08.1993-cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı, 2010 m, Pirdağ, 1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı, 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı, 1976 m) hissəsinə aiddir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir. İqlimi, əsasən, mülayim isti və quru subtropikdir.
Geoloji quruluşu. Yura və Antropogen çöküntülər yayılmışdır.
Çayları və su hövzələri. Mineral bulaqlarla zəngindir. Əsas çayları Araz çayı hövzəsinə daxil olan Bazarçay, Bərgüşad, Meydandərəsi və Həkəri çaylarıdır. Həkəri 950 m yüksəklikdə Şəlvə və Hoçazsu çaylarının qovuşmasından yaranır. Əsas çay Şəlvə qəbul edilib. Onun mənbəyi Mıxtökən silsiləsində 2580 m yüksəklikdə yerləşir. Çayın 15 qolu var.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi, əsasən, mülayim isti və quru subtropikdir. Rayonda, əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs) vardır. Qubadlı Dövlət Təbiət yasaqlığının bir hissəsi burada yerləşirdi. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ - bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, qaban) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.
Qubadlı rayonunun meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və qafqaz vələsi (Carpinus caucasica) üstünlük edir. Burada kəskiniyli ardıc (G.foetidissima) və qaratikan kolları geniş sahələrdə yayılmışdır. Quru daşlı yamaclarda saq- qızağac (Pistacia mutica), dağdağan (Celtis sp.), şərq vələsi (C.orientalis), adi göyrüş (Fraxinus excelsior), iberiya ağcaqayını (Acer iberica), qarağac (Ulmus sp.), müxtəlif yemişan növləri (Crataegus sp.), söyüdyarpaq armud (Pyrus salicifolia), kəskiniyli ardıc (J.foetidissima) ilə aşağı bonitetli seyrək meşəliklər yaradır, bəzən sırf ağaclığına da təsadüf olunur. Seyrək ağaclıqlar arasında tək-tək və topa halında kserofit kollara da rast gəlinir. Onların ən xarakterik növləri dəvəqıran (Atraphaxis spinosa), iberiya doqquzdonu (Lonicera iberica), xırdameyvəli albalı (Cerasus microcarpa), acılıq (Ephedra sp.) jasmin (Jasminum fruticans), Pallas murdarçası (Rhamnus pallasii), qaratikan (Paliurus spina-christi) kollarından ibarətdir. Ot örtüyü kserofit və yarımsəhra növlərindən ibarətdir.
Burada badam ağacları saqqızağac, iberiya ağcaqayını, kəskiniyli ardıc və çoxmeyvəli ardıc (J.polycarpos) ilə qarışıq ağaclıqlar yaradır. Bəzən ağaclıqda iberiya ağcaqayını (Acer iberica) üstünlük təşkil edir. Çox yerdə meşəaltı kimi topulqa (Spirea sp.) üstünlük edir. Qaratikan (Paliurus spina-christi), dəvəqıran (Atraphaxis spinosa), dovşanalması (Cotoneaster sp.), Pallas murdarçası (Rhamnus pallasii), ardıc (Juniperus sp.), zirinc (Berberis sp.), itburnu (Rosa sp.) kollarına da rast gəlinir.
Bağırbəyli kəndi yaxınlığında onlarla nəhəng çinar (P.orientalis), Qoşabulaq dərəsində, Milanlı kəndi yaxınlığında nəhəng qoz (Juglans regia) ağacları vardır. “Pir saqqız” saqqızağacı (P. mutica). Gödəklər kənd qəbiristanlığında 300 yaşlı “Qardaş saqqızlar" qeydə alınmışdır.
Ot örtüyü seyrək olub, tərkibində yovşan (Artemisia sp.), parentuçeliyalar (Parentucellia latifolia, P.viscosa), daşdayan (Andropogon sp.), məryəmnoxudu (Teucrium sp.), kəklikotu (Thymus sp.) və tək-tək süpürgəotu (Xeranthemum sp.) bitir.
Fauna. Ərazidə qaban (Sus scrofa), qonur ayı (Ursus arctos), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), cüyür (Capreolus capreolus), boz dovşan (Lepus europaeus), porsuq (Meles meles), kəklik (Perdix perdix), qırqovul (Phasianus colchicus), turac (Francolinus francolinus), bildirçin (Coturnix coturnix) və s. onurğalı heyvanlar yayılmışdır. Sürünənlər aralıqdənizi tısbağası, bataqlıq tısbağası, müxtəlif növ kərtənkələlr, qafqaz kələzi, koramal, müxtəlif ilan növləri ilə təmsil olunur. Ərazinin cücülər faunası xeyli zəngindir.
Tarixi. Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırki Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində mərkəzi Əhər olan Qaradağ xanlığına tabe olmuşdur. Sonradan Qarabağ xanı Pənalıəli xanın dövründə Qarabağ xanlığına qatılmışdır. Bərgüşad toponimi haqqında da bir sıra mülahizələr mövcuddur. XIX əsr tarixi mənbələrdə Naxçıvan ərazisində bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil olmuşdur. Orta əsrlərdə Bərgüşad mahalı Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir.
Birinci komponenti təşkil edən bərgü sözü qədim türk mənşəli barq tayfasının adındandır. XII əsr şərq tarixi mənbələrində buradakı 58 türk tayfası arasında bərgü tayfasının da adı çəkilir. Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləri «bərgülərin dağı», «bərgülərin çayı», «bərgülərin çökəyi» mənasındadır. Ucar rayonunda Bərgüşad adlı kənd var.
Əhalisi. Yerli ərali arasında azərbaycanlılar üstünlük təşkil edir. Bəzi kəndlərdə (Zilanlı və s.) kürdlər yaşayırdılar.

Geoloji təbiət abidələri. Qubadlı rayonu şəlalələr, mağaralar (kahalar), mineral bulaqlar, kanyonlar kimi geoloji təbiət abidələri ilə çox zəngindir.

Tarixi-mədəni abidələri. Gavur dərəsində mağara-ibadətgah (IV əsr), Göyqala (V əsr). Əlinquluuşağı kəndində mağara-ibadətgah (IV əsr). Muradxanlı kəndi yaxınlığında Qalalı qalası (V əsr). Dəmirçilər kəndində 2 ədəd türbə (XIV əsr), məscid (XIX əsr). Yazı düzündə Cavanşir türbəsi (XIV əsr). Gürcülü kəndində türbə (XVII əsr). Xocamusalı kəndində qalacıq və türbə (XVIII əsr). Əlinquluuşağı kəndində bulaq (XIX əsr), Laləzar körpüsü (1867). Dondarlı kəndində məscid (XIX) əsr.