Göy-göl rayonu print

Rayon mərkəzi 1819-cu ildə alman kolonistləri tərəfindən salınmış və 1938-ci ilədək Yelenendorf adlandırılmışdır. İcma tərəfindən burada kilsə (Müqəddəs Yohann kilsəsi), uşaq baxçası, ibtidai məktəb və peşə məktəbi təsis edilmişdir. Qafqazın ən məşhur fayton və furqon istehsalı məhz burada yerləşirdi. Rayon inzibati vahid kimi 1930-cu ildə təşkil olunaraq əvvəlcə Nərimanov rayonu, 1938-ci ildən 2008-ci ilədək Xanlar rayonu adlandırılmışdır.
Relyefi. Rayonun hüdudları və xarakterik relyefi Gəncə-Qazax düzənliyi, Ceyrançöl, Eldar çölü, Acınohur ön dağlığı, Gəncə Bozdağının qərb qurtaracağı ilə təyin olunur. Ən yüksək zirvəsi, zəngin bioloji müxtəliflik və yüksək bitki endemizminə malik olan Murovdağdır (3462 m).
Geoloji quruluşu. Yura, Tabaşir, Neogen, Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazi zəngin çay sisteminə və bulaqlara malikdir. Əsas çayları Gəncəçay, Kürəkçay, Qoşqar çaylarıdır. Qoş- qarçay öz mənbəyini Kiçik Qafqazın Murovdağ silsiləsinin Qoşqar dağının (3367 m) şimal yamacından götürür. On qolu vardır. Gəncəçay Kiçik Qafqazın M u ro vdağ silsiləsinin şimal yamacında formalaşır. Doqquz qolu vardır. Kürəkçay Kiçik Qafqazın Murovdağ silsiləsinin şimal-şərq hissəsində (3100 m) yaranır. Onun əsasını Ilxıdərə, Omərçay və Bənövşəli çaylarının qovuşması təşkil edir. Azərbaycanın ən mənzərəli gölləri olan Göygöl və Maralgöl burada yerləşir. Göygöl Kürəkçayın sağ qolu olan Ağsu çayının orta axınında (1556 m) yerləşir. Göl uçqun mənşəli və axarlı göldür. Onun su səthinin sahəsi 0.8 km2, su həcmi 24 mln. m3, uzunluğu 2.4 km, maksimal eni 0.7 km, maksimal dərinliyi 93 m-dir. Göl dekabrın sonlarından martın sonlarınadək 14-27 sm qalınlığında buz bağlayır. Gölün suyu çox şəffaf olub 13 m-ə bərabərdir. Göygöl güclü zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin parçalanaraq çay dərəsinə düşməsi nəticəsində yaranmışdır. Burada bir sıra xırda göllər - Maralgöl, Qaragöl, Zəligöl, Şamlıqgöl və s. xırda göllər vardır.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi şimalda mülayim-isti yarımsəhra və quruçöl tipli, mərkəzi hissədə mülayim-isti, cənubda soyuqdur. Qışı quraq keçir.
Boz-çəmən və çəmən-boz, boz-qonur, şabalıdı, açıq-şabalıdı, qəhvəyi dağ-meşə, dağ tünd-şabalıdı, qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları yayılmışdır.
Rayon ərazisində Toğana və Toğanalı kəndləri yaxınlığında Göygöl Milli Parkı yerləşir.
Bitki örtüyü şimalda və mərkəzi hissədə, əsasən, bozqır və yarımsəhra tiplidir. Cənubda, dağlıq sahələrdə dağ çölləri, fıstıq meşələri, subalp və alp çəmənləri vardır. Meşələri, əsasən, iberiya palıdı (Quercus iberica), şərq fıstığı (Fagus orientalis) və qafqaz vələsindən (Carpinus caucasica) ibarətdir. Meşələrdə onlarla yanaşı qafqaz cökəsi (Tilia caucasica), adi göyrüş (Fraxinus excelsior), trautvetter ağcaqayını (Acer trautvetteri), sallaq tozağacı (Betula pendula), Litvinov tozağacı (Betula litwinowii), Kox şamı (Pinus kochiana), alça (Prunus divaricata), alma (Malus caucasica), armud (Pyrus sp.), əzgil (Mespilus germanica), yemişan (Crataegus sp.), itburnu (Rosa sp.) kimi ağac və kol növlərinə rast gəlinir.
Ərazi florasının 20-dən çox növü nadir Qafqaz endemidir. Bunlar trautvelter ağcaqayını (Acer trautvetteri), Nizami itburnu (Rosa nisamii), buruncuqlu kəpənəkçiçək (Aconitum nasutum), ipək şaxduran (Alchemilla sericea), qanləkəli gəvən (Astragalus sanguinolentus), ətirli qərənfil (Dianthus fragrans), təkçıxıntılı zanbaq (Lilium monadelphum), hamar güyənə (Polygonatum glaberrimum), qafqaz və hamar xəndəkotu (Symphytum caucasicum, S.asperum), Ruprext ətirşahı (Geranium ruprechtii).
Dəniz səviyyəsindən 1100-1700 m yüksəkliklərdə təmiz fıstıq, fıstıq- vələs, vələs və palıd-vələs meşələri vardır. 1600-2000 m intervalında fıstıq və vələs meşələri üstünlük təşkil edir. Daha yüksək qurşaqda (1800-2300 m), əsasən, Kox şamı (Pinus kochiana), Litvinov tozağacı (Betula litwinowii), şərq fıstığı (Fagus orientalis), şərq palıdı (Quercus macranthera) meşələri yayılmışdır. Meşəallı sahələr doqquzdon (Lonicera sp.), itburnu (Rosa sp.), ardıc (Juniperus sp.) kollarından və sıx otluqlardan ibarətdir. Bəzi ağaclar, əsasən, tozağacı 2300 m yüksəkliklərə qədər qalxır. Nadir kox şamının ən böyük sahəsinə (450 ha) burada - Göygöl Milli Parkı ərazisində rast gəlinir. Ərazidə subalp çəmənlikləri, əsasən, 1600-2100 m-lik zolaq təşkil edir. Bu qurşağın xarakterik bitkiləri bunlardır: qafqaz skabiozası (Scabiosa caucasica), iriçiçək nəmgülü (Betonica grandiflora), iriçiçək andız (Inula grandiflora), giləmərcan (Astrantia maxima), alban guləbətini (Pulsatilla albana).
Alp çəmənliyi (2100-3200 m), əsasən, çoxillik çəmən bitkilərindən ibarətdir. Növ müxtəlifliyi (20-ə yaxın növ) nisbətən zəifdir. Burada alp qırtıcı (Poa alpina), tonqalotu (Bromus variegatus), sallaq ağbığ (Nardus sricta), qafqaz və alp bənövşələri (Viola caucasica, V.alpina), steven zəncirotu (Taraxacum sewenii), xırdaçiçək sibbaldiya (Sibbaldia microflora) daha çox rast gəlinir. Seyrək ləkələr şəklində rast gəlinən alp xalılarının əsasını qafqaz zirəsi (Carum caucasica), bulaqotu (Veronica gentianoides), üçdişli zəngçiçəyi (Campanula tridentata), alp xırdaçıçəyi (Erigeron alpina) təşkil edir.
Fauna. Dağ çaylarında və göllərində göl və dağ çayı qızılxallısı (Salmo trutta fario) yaşayır. Göygöldə forelin xüsusi göygöl populyasiyası formalaşmışdır. 8 əsrlik izolyasiya nəticəsində o, xeyli fərqli cəhətlər əldə etmişdir. Burada suda-quruda yaşayanlardan ağac qurbağasına (Hyla arborea) rast gəlinir. Ərazidə sürünənlər cılız koramal (Anguis fragilis), rostombeyov qayalıq kərtənkələsi, azərbaycan qayalıq kərtənkələsi (Darevskia rostombekovi, D.saxicola raddei), qafqaz kələzi (Laudakia caucasica), adi suilanı (Natrix natrix), suilanı (N.tessellata) ilə təmsil olunmuşdur.
Göygöl rayonu ərazisində 100-ə yaxın quş növünə rast gəlinir ki, onlardan 35 növü meşə zolaqlarında yaşayır. Ərazidə ən çox yayılmış quşlar hörücü (Fringilla coelebs), iri arıquş (Parus major), qara qaratoyuq (Turdus merula), kölgəlik yarpaqgüdəni (Phylloscopus collybita), qarabaş pöhrəçil (Sylvia atricapilla), adi yaşılca (Carduelis chloris), qara çalağan (Milvus migrans), dam bayquşu (Athene noctua), adi sar (Buteo buteo), boz yapalaqca (Strix aluco) və s. quşlardır. Subalp və alp qurşaqda alp çərənçisi (Prunella collaris), dağ kətanquşu (Carduelis flavirostris), dağ vələmirquşu (Emberiza cia), adi mərciməkquşu (Carpodacus erythrinus), dağ haçaqanadı (Anthus spinoletta), qırmızıpapaq sərçəyəoxşar (Serinus pusillus), qayalıq kəkliyi (Alectoris chukar), xəzər uları (Tetraogallus caspius) kimi quşlar yuvalayır. Orta meşə qurşaqlarında qafqaz maralına (Cervus elaphus) rast gəlinir. 1961-ci ildə Göygöl Milli Parkına 7 qafqaz maralı gətirilmişdir. Rayonun subalp ərazilərin seyrək meşələrində və sıx kolluqlarında cüyür (Capreolus capreolus) yaşayır. Kəpəz dağının yamaclarında qafqaz turuna (Capra cylindricornis) rast gəlinir. Burada yırtıcılardan qonur ayı (Ursus arctos), canavar (Canis lupus), çaqqal (Canis aureus), adi tülkü (Vulpes vulpes), porsuq (Meles meles), meşə pişiyi (Felis silvestris), adı dələ (Sciurus vulgaris), süleysin (Glis glis), meşə siçanı (Apodemus microps), boz dovşan (Lepus europaeus) və s. canlılara rast gəlinir.
Geoloji təbiət abidələri. Ərazinin ən gözəl geoloji təbiət abidələri buranın dağ gölləridir. Göygöl Azərbaycanın ən böyük və ən gözəl dağ gölüdür. Gölün sahil xəttinin uzunluğu 6460 m, sahəsi 79 ha-dır. Maralgöl Ağsu dərəsinin yuxarı hissəsində, 1902 m yüksəklikdə yerləşir. O da Göygöl kimi dağların əhatəsindədir. Bura təkrarolunmaz peyzaja malikdir: yamac meşəliyini subalp çəmənlikləri əvəz edir. Gölün sahəsi 23 ha, maksimal dərinlik 61 m-dir. Gölün uzunluğu 840 m, eni 583 m-dir. Ərazinin digər mənzərəli gölləri Zəligöl, Qaragöl, Şamlıqgöldür.
Çempion ağacları. Ərazinin meşələrində onlarla yaşı 150-350 il olan palıd, fıstıq və vələs ağacları vardır.
Arxeoloji abidələri. Zurnabad kəndi yaxınlığında erkən Tunc dövrünə aid kurqan, qəbir abidəsi. Buradan üzərində quş şəkilləri çəkilmiş qırmızı və qara rəngli gil qablar, tunc bəzək şeyləri tapılmışdır.
Tarixi-mədəni abidələri. Zurnabad kəndi yaxınlığında XII əsrə aid qala. Göygöl şəhərində lüteran kilsəsi (1854), Ağ körpü (XII əsr), İki- göz körpü (XVI əsr). Dozular kəndi yaxınlığında körpü (XVI əsr). Zurnabad kəndində qala (XII əsr).