Kəngərli rayonu print

Kəngərli rayonu 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balxaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur. Onlar özlərini «kəng-ər» kəng ərləri adlandırırdılar. Sonralar antik - yunan mənbələrində «patszmak» adlandırılan kəngərlər rus mənbələrində peçeneq adını almışdır. Naxçıvanın irsi hakimləri, əsasən, bu tayfanın nümayəndələri olmuşlar. Naxçıvanın ilk və son xanları (Heydərqulu xan və Ehsan xan Kəngərli) bu tayfanın nümayəndələrindən idi.
Relyefi. Rayonun şimal hissəsi Dərələyəz silsiləsindən ibarət dağlıq ərazilərdir. Cənub hissəni Korosman silsiləsi (900 m), Böyükdüz və Kəngərli düzü (800-1300 m) təşkil edir.
Geoloji quruluşu. Düzənlik və dağətəyi hissədə, əsasən. Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Tabaşir çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayları Araz, Lizbirt və Cəhri çaylarıdır. Mineral bulaqlarla (Salaxan və s.) zəngindir.
Landşaftları və bioloji müxtəlifliyi. Boz və çəmən-boz, şorakətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra bitkilərindən və dağ-kserofitlərindən ibarətdir. Ərazidə yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlim yayılmışdır. Salaxan meşə-kolluq ərazisi təbii abidə və yay otlaqları, Böyükdüzün mərkəz və cənub hissələri isə qış otlaqları kimi qiymətləndirilir. Burada, əsasən, səhra, yarımsəhra, dağ-kserofıt (friqana), dağ-bozqır, az miqdarda meşə-kolluq bitkilikləri yayılmışdır. Ərazi florasında şoranyer qarğasoğanı (Gladiolus halophilus), qozbel laləvər (Fritillaria gibbosa), florenski tiilpanı (Tulipa florenskyi), yuliya tülpanı (Tulipa julia), voronov soğanı (Allium woronovii), toudar buğdası (Triticum boeoticum), təkdənli buğda (Triticum monococcum), ağrıdağ buğdası (Triticum araraticum), gözəl dazı (Hypericum formosissimum), girdəqanad binertiya (Bienertia cycloptera), qaraquş zəngçiçəyi (Campanula karakuschensis), darləçək qlobulariya (Globularia trichosantha), tumefor difelipeyası (Diphelypaea tournefortii), şovits ilankölgəsi (Ferula szowitsiana) və s. nadir və endem bitkilər yayılmışdır. Burada və ona yaxın ərazilərdə məməli heyvanlardan bezoar keçi (Capra aegagrus), asiya muflonu (Ovis orientalis), qonur ayı (Ursus arctos) yaşayır. Quşlardan səhra zəvzəyi (Hippolais languidae), adi sığırçın (Sturnus vulgaris), kəklik (Alectoris chukar), berkut (Aquila chrysaetos), xəzər uları (Tetraogallus caspius), dağ kətanquşu (Acanthis flavirostris), ilancıl qartal və s. yaşayır. Böyükdüz ərazisində isə doydaq (Otis tarda) köçmə zamanı müşahidə olunur. Vaxtilə Keçəltəpə dağında bəbirə də rast gəlinirdi, lakin son onilliklərdə müşahidə edilmir. Bu zonada zəhərli ilanlar (cənubi qafqaz və çöl gürzəsi) da digər rayonlara nisbətən çoxsaylıdır.
Arxeoloji abidələri. Çalxanqala kəndi yaxınlığında m.ə. II minilliyə aid (Tunc Dövrü) Çalxanqala yaşayış yeri və kurqanlar. Tənənəm kondi yaxınlığında Paleolit Dövrünə aid (80-90 min il əvvəl) düşərgə - Qazma mağarası. Mağaranın uzunluğu 22 m, eni 1.0-6.0 m-dir. Buradan obsidian çaxmaqdaşı, daşlı şistlərdən hazırlanmış əmək alətləri aşkar edilmişdir. Aşağı Yaycı kəndi yaxınlığında orta əsrlərə aid Qalacıq yaşayış yeri, Govurqala. Qarabağlar kəndi yaxınlığında m.ə. IV-I minilliklərə aid Damlama yaşayış yeri. Qıvraq və Yurdçu kəndləri arasında m.ə. Ill-I minilliyə aid Qulalıtəpə yaşayış yeri. Qıvraq qəsəbəsi yaxınlığında m.ə. Ill-I minilliklərə aid Qıvraq nekropolu. Şahtaxtı kəndi yaxınlığında m.ə. I minilliyə aid küp qəbirlər, m.ə. II-I minilliklərə aid Gavurqala yaşayış yeri.
Tarixi-mədəni abidələri. Xok kəndində came məscidi (XVIII əsr). Şahtaxti kəndində hamam (XIX əsr). Qarabağlar kəndi yaxınlığında tarixi-memorial kompleks (XII-XIV əsrlər), Qarabağlar yaşayış yeri (XII-XVII əsrlər), Gavurqala (X-XII əsrlər).