Quba-Xaçmaz iqtisadi - coğrafi bölgəsi print

Respublika ərazisinin 8%-i tutan Quba-Xaçmaz iqtisadi-coğrafi rayonu Böyük Qafqazın şimal-şərq hissəsindədir. Şimal-qərbdən Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikası, cənub-qərbdən Baş Qafqaz silsiləsi, şərqdən Xəzər dənizi ilə əhatələnir. Tərkibinə Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonları daxildir. Quba-Xaçmaz iqtisadi coğrafı bölgəsi dağlıq zona olduğundan zəngin flora və faunası iiə fərqlənir. Bu rayonun Şahdağ və Babadağın əhatəsində olması mülayim iqlim tipinin formalaşmasına, zəngin flora və fauna üçün əlverişli şərait yaratmışdır.
Relyefi. Cənub və qərbdə dağlıq (Baş Qafqaz silsiləsinin şimal-şərq yamacı, Yan silsilənin cənub-şərq hissəsi və s.), şimal və şərqində düzənliklərdən (Qusar maili düzənliyi, Samur-Dəvəçi ovalığı) ibarətdir. Dəniz sahilindəki əraziləri okean səviyyəsindən 28 m-ə qədər aşağıdadır. Maksimal hündürlüyü 4466 m (Bazardüzü dağı) təşkil edir. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır. Mineral bulaqlar və geoloji təbiəl abidələri ilə zəngindir (Qalaaltı mineral suyu, Beşbarmaq dağı, karst mağaraları və s.).

Çayları. Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələ, Gilgilçay, Şabran, Dəvəçi, Taxlaçay, Qaradəhnə və s.-dir. İki çayın - Qusarçay (106 km) və Qudyalçayın (101 km) uzunluğu 100 km-dən çoxdur. Ən böyük gölü Şabran rayonunun Xəzər sahili ərazisindəki şirin sulu göl-bataqlıq olan Ağzıbirçala gölüdür (sahəsi 1.5 km).

Torpaq örtüyü. Əsasən, allüvial çəmən, boz-qonur, qəhvəyi, dağ şabalıdı, qəhvəyi və qonur dağ-meşə, çimli dağ-çəmən torpaqları və onların yarımtipləri yayılmışdır.