İsmayıllı rayonu print

İsmayıllı rayonu 1931-ci ildə təşkil edilmişdir.

Relyefi. Rayon Böyük Qafqazın cənub yamacında yerləşir. Səthi, əsasən, dağlıqdır. Rayonun şimal kənarı Baş Qafqaz silsiləsinin cənub yamacına daxildir. Bundan cənubda Niyaldağ silsiləsi uzanır. Qanıx-Həftəran vadisinin cənub-şərq qurtaracağı İsmayıllı rayonu ərazisinə düşür. Rayonun cənub hissəsi, əsasən, alçaq dağlıqdır (Acınohur ön dağlığının cənub-şərq hissəsi). Ərazinin Şirvan düzünə aid hissəsi isə ovalıqdır. Ərazi dərin çay dərələri ilə parçalanmışdır. Hündürlüyü 200 m-dən (Şirvan düzü) 3629 m-ə (Babadağ) qədər dəyişir.

Geoloji quruluşu. Yura, Tabaşir, Antropogen və Neogen çöküntüləri yayılmışdır. Yuxarı qalxdıqca Dördüncü, Üçüncü, Tabaşir və Yura Dövrləri bir-birini əvəz edir.

Çayları və su hövzələri. Əsas çayları Kür hövzəsinə aid olub Girdiman, Əyriçay, Axoxçay və Göyçay çaylarıdır. Mineral bulaqlarla zəngindir (Diyallı, Qalacıq və s.).

Landşaftları və bioloji müxtəlifliyi. Əsasən, şabalıdı və açıq şabalıdı, dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, qəhvəyi dağ-meşə, allüvial çəmən-meşə, qonur dağ-meşə, çimli dağ-çəmən, torflu və ibtidai dağ-çəmən torpaqlar yayılmışdır. İsmayıllı Yasaqlığı Şahdağ Milli Parkının (Keçmiş İsmayıllı Dövlət Təbiət Qoruğu) bir hissəsi, İsmayıllı Yasaqlığı İsmayıllı ərazisinə düşür. Landşaft gözəlliyi baxımından ən mənzərəli yerblər Topçu və Qalıncaq əraziləridir.
Topçu dağ meşəliyi ərazisi dəniz səviyyəsindən 800-2500 m hündürlükdə yerləşən dağlıq hissədir. Bura şimaldan yay otlaqları, şərqdən Axox çayı, qərbdən Göyçay çayı, Zarat çayı ilə, cənubdan isə Topçu meşəliyi yerləşir. Qalıncaq düzən meşəliyi Qanıx-Həftəran vadisinin şərq qurtaracağında dəniz səviyyəsindən 600 m yüksəklikdədir.  Burada adı "Azərbaycanın Qırmızı Kitabı"na daxil edilmiş bitkilərdən: budaqlı danaya (Danae rasemosa), şabalıdyarpaq palıd (Quercus castaneifolia), yalanqoz (Pterocarya pterocarpa), giləmeyvəli qaraçöhrə (Taxus baccata), səhləblər (Orchis sp., Ophrys sp,), heyvanlardan isə Karelin tritonu (Triturus karelinii), qafqaz xaçlıcası (Pelodytes caucasica), qafqaz köpkəri (Rupicapra rupicarpa caucasica), meşə pişiyi (Felis silvestris), bərkut (Aquila chrysaetos), qafqaz şahini (Falco peregrinus caucasicus), quzugötürən (Gypaetus barbatus), qafqaz uları (Tetraogallus caucasicus), ütəlgi, tetraçalan, ilanyeyən (Circaetus gallicus), qafqaz tetrası (Lyrurus mlokosiewiczi) yaşayır.

Flora. Aşağı dağ qurşağı meşəlikləri dəniz səviyyəsindən 500-800 m hündürlüyə qədər yüksəklikləri əhatə edir. Buranın meşə əmələgətirici növləri palıd, fıstıq, vələs, göyrüşdən ibarətdir. Bu qurşaqda zoğal (Cornus mas), alça (Prunus divaricata), itburnu (Rosa sp.), əzgil (Mespilus germanica), fındıq (Corylus avellana), aşı sumağı (Rhus coriaria), yemişan (Crataegus sp.), sarağan (Cotinus sp.), islah murdarçası (Rhamnus cathartica), alma (Malus orientalis), armud (Pyrus sp.), qara gəndalaş (Sambucus nigra) geniş yayılmışdır.
Orta dağ qurşağı meşələri dəniz səviyyəsindən 800 - 1700 m hündürlükləri əhatə edir. Burada fıstıq (Fagus orientalis), vələs (Carpinus caucasica), palıd (Quercus sp.), göyrüş (Fraxinus excelsior), tozağacı (Betula sp.) əzgil (Mespilus germanica), yemişan (Crataegus), zoğal (Cornus mas). itburnu (Rosa sp.), şərq palıdı (Quercus macranthera), böyürtkan (Rubus sp.), qafqaz çökəsi (Tilia caucasica), ardıc (Juniperus sp.), adi çaytikanı (Hippophae rhamnoides), heyva (Cydonia oblonga), giləmeyvəli qaraçöhrə (Taxus baccata), adi qoz (Juglans regia), qara qızılağac (Alnus glutinosa), quşarmudu (Sorbus sp.), sumax (Rhus coriaria), ölməzkol (Pyracantha sp.), ağacşəkilli gəndalaş (Sambucus sp.), murdarçadan (Rhamnus sp.) ibarətdir.

Fauna . Onurğalı heyvan növləri daha geniş yayılmışdır. Rayonun çaylarında, əsasən, çay qızılxallısı (Salmo fario), kür xramulyası (Varicorhınus capoeta capoeta), kür şirbiti (Barbus lacerta ), şərq qıjovçusu (Alburnoides bipunctatus) yayılmışdır. Amfibilərdən karelin iritonu (Triturus karelinii), yaşıl quru qurbağası (Pseudopidalea variabiIis), Kiçik Asiya qurbağası (Rana macrocnemis), adi ağac qurbağası (Hyla arborea), bataqlıq qurbağası (Pelophylax ridibundus) növlərinə rast gəlinir. İsmayıllı ərazisində sürününlər sinfi 20 -dən çox növlə təmsil olunur. Bunlar xəzər, aralıq dəniz və göl tısbağaları, koramal (Pseudopus apodus), cılız koramal (Anguis fragilis), zolaqlı və Qafqaz qayalıq kərtənkələləri (Lacerta strigata, Darevskia caucasica), adi və su suilanları (Natrix natrix, N.tessellata), qırmızıqarın, zeytuni, Pallas və naxışlı təlxələr (Hierophis shmidti, Platyceps najadum, E.sauromates, Elaphe dione), Şərqi çöl gürzəsi (Pelias renardi), Qafqaz damilanı (Telescopus fallax) v ə s. növlərdir.
Yırtıcılardan qonur ayı (Ursus arctos), canavar (Canis lupus), çaqqal (Canis aureus), tülkü (Vulpes vulpes), daşlıq dələsi (Martes foina), porsuq (Meles meles) v ə s. növlər yayılmışdır. Dırnaqlılar isə nəcib maral (Cervus elaphus), cüyür (Capreolus capreolus), qaban (Sus scrofa), şərqi qafqaz turu (Capra cylindricornis) və köpgər (Rupicapra rupicapra) ilə təmsil olunur.
Tarixi. Qafqaz Albaniyasının ərazisinə aid olan İsmayıllı rayonu çox qədim tarixə malikdir. Qədim Daş və Tunc Dövrünə aid edilən arxeoloji tapıntılar, Lahıc yaxınhğında erkən orta əsrlərə aid qədim Girdiman qalası (V əsr), Talıstan yaxınlığındakı Cavanşir Qalası (VII əsr). Lahıc qəsəbəsi və Basqal kəndində XV əsrdə inşa edilmiş kanalizasiya sistemi bu gün də fəaliyyət göstərir. Rayon ərazisi əvvəllər (1867) Göyçay qəzası tərkibində Bakı quberniyasına daxil olmuşdur.

Əhalisi. İnzibati rayon ərazisinin əhalisi, əsasən, azərbaycanlılar, ləzgilər, ruslar və tatlardan ibarətdir. Əhalinin əksəriyyəti azərbaycanlılardır. Tatlar, əsasən, rayonun dağlıq ərazilərində - Lahıc qəs., Gəndob, Namazgah, Zəmava, Müşkəmir, Müdrü, Əhən, Ərəgit, Brovdal, Zarat və s. kəndlərində - yaşayırlar. Məhəmməd Baharlıya görə tatlar Böyük Qafqaza 1600 il əvvəl, Sasanilərin (Yəzdigirdin, Xosrov Ənuşiravanın) dövründə, IV əsrdə imperiyanın şimal sərbədlərini köçəri türk tayfalarının (xəzər, xaylandur, hun, kenq-er, savir) basqınlarının qarşısını almaq və yerli əhali arasında zərdüştiliyi yaymaq məqsədi ilə İranın cənub və cənub-qərb ərazilərindən (İsfahan, Təbəristan, Lahican və s,) Azərbaycanın şimal-şərq ərazilərinə və Xəzər darvazasına köçürülmüşlər. «Tat» sözü köçəri türk tayfalarının oturaq tayfalara verdikləri ad əsasında formalaşmışdır. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə bolşevik təqibindən məhz Lahıcda gizlənmiş, «Əsrimizin Səyavuşu» əsərini burada yazmışdır. Ləzgilər Qalacıq, İvanovka və s. kəndlərdə yaşayırlar.
Rayon mərkəzindən 12 km aralı, Acınohur ön dağlarında, keçmiş sovet-icma təsərrüfat sistemi ilə yaşayan, əsas sakinləri etnik ruslardan ibarət olan İvanovka kəndi yerləşir. Bunlar Rusiya İmperatoru tərəfindən «Andı, kilsəni, dini mərasimi və ali hakimiyyəti qəbul etməyən» insanlar kimi buraya sürgün olunmuş ortodoks (pravoslav) xristianlarının molokan təriqətinə sitayiş edənlərin varisləridir. İvanovka eyniadlı çaxırı, xaması, günəbaxan yağı, bir də keçmiş Sovetlər İttifaqından qalmış kolxoz adlanan kollektiv təsərrüfat sislemi ilə məşhurdur.

Geoloji təbiət abidələri. Ərazi geoloji təbiət abidələri ilə zəngindir. Qalacıq kəndi yaxınlığında, Şahdağ Milli Parkı ərazisində "Qalacıq Şəlaləsi" mövcuddur. Quba rayonu ilə sərhəddə ölkənin ən yüksək zirvələrindən olan Babadağ mövcuddur. Buynuz kəndi yaxınlığında göl vardır. Babadağ silsiləsi boyu bir neçə yüksək dağ gölləri mövcuddur. Babadağ həmçinin müqəddəs yer - ziyarətgahdır. Hər il minlərlə insan buraya ziyarətə gəlir. Əfsanəyə görə dağın ətəyində Adəm peyğəmbərin əshabələrindən biri olan Nənə dəfn edilmiş, dağın zirvəsindən isə Baba qeyb olmuşdur. Dağın zirvəsinin yaxınlığında '‘Şeytan Dərəsi’’ və “Musa Peyğəmbər bulağı" vardır. İnsanlar əvvəlcə dağın ətəyindəki "Müqəddəs Nənə" qəbrini ziyarət edirlər. Sonra Babadağa qalxaraq əvvəlcə Şeytana daş atır, Musa Peyğəmbər bulağından su içir, sonda zirvəyə qalxaraq Babanın ruhuna dualar oxuyurlar.

Çempion ağaclarƏrazidə İsmayıllı yasaqlığı mövcuddur. Qalacıq kəndi yaxınlığındakı «Pirədavud» piri ərazisində, dəniz səviyyəsindən 800-900 m yüksəklikdo orta yaşları 400-500 olan 30-35 m hündürlüklü nəhəng fıstıq ağacları, Buynuz kənd dəyirmanının yanında 1120 yaşlı qocaman şərq çinarı qeydə almmışdır. Bu qəbiristanlıqdakı ən qocaman ağacın 1300 il yaşlı vələs, buradakı qəbirlərin üzərində 1040, 1044, 1065, 1080 hicri tarixlər vardır. Qalıncaq kəndindəki «Axunbaba piri», «Sarı çinar piri» və «Yel piri»ndə 400-900 yaşlı palıd, çinar, hibrid qovaq və fıstıq ağacları vardır. Basqal kəndində, qədim məscidin qarşısında 600 yaşlı şərq çinarı mövcuddur. Topçu kəndində ölkənin ən qocaman palıdı - 750 yaşlı «Topçu Palıdı» - “yaşayır”. Ağacın gövdəsinin çevrə uzunluğu 900 sm , gövdəsinin 1.3 m yüksəklikdəki diametri 3 m-ə yaxın, çətir proyeksiyasının sahəsi 1225 m hündürlüyü isə təxminən 30 m-dir.

Arxeoloji abidələrKürdüvan kəndində I əsrdən Son Orta Əsrlərə aid naməlum şəhər xarabalığı. Daş və bişmiş kərpicdən tikilmiş bina, kürəxana qalıqları, saxsı parçaları, kaşı, şüşə qablar, qala divarları, qəbir abidələri aşkar edilmişdir. Vəng kəndi yaxınlığında m.ə. I miniliyin II yarısına aid Şəkili yaşayış yeri, Küplər, saxsı qablar, dəmir qılınc, xəncər, nizə ucluğu, şüşə düymə, tunc üzük, torpaq qəbirlər aşkar edilmişdir.

Tarixi-mədəni abidələrTaljstan kəndi yaxınlığında Cavanşir Qalası. Xanəgah kəndi yaxınlığında Qız Qalası (XI-XII əsrlər). Basqal kəndində hamam və məscid (XVII əsr). Lahıc qəsəbəsi yaxınlığında Girdıman qalası. Sulut kəndi yaxınlığında Fildağ (XVIII əsr). Lahıc qəsəbəsində türbə (XVIII).