EKOTURİZM print

Azərbaycan Respublikası Avropanın və Asiyanın qovşağında, Cənubi qafqazın şərqində yerləşir. Azərbaycanın şimalından cənuba uzunluğu 400 km, şərqindən qərbə eni isə 500 km-dən artıqdır. Azərbaycan Respublikasının ərazisi (86.6 min km2) Qafqaz boynunda geniş sahələri əhatə edərək makro və mezorelyefin müxtəlif oroqrafik geomorfoloji elementlərini birləşdirir. Respublikanın şimalında, zirvələri daimi qar və buzlaqlarla örtülü olan Böyük Qafqazın dağ sistemləri uzanır (Bazardüzü d.  4466 m, Şahdağ - 4243 m). Ərazinin hündürlüyü Xəzər dənizi sahilində dəniz səviyyəsindən - 27.0 m aşağıda yerləşir.

Şimali-qərbdə Böyük qafqaz dağ sistemlərinə dağətəyi düzənliklər, şərqdə isə Qobustan alçaqdağlıq rayonu birləşir. Respublika ərazisinin qərbində və cənub-şərqində içik Qafqaz dağ sisteminin çoxsaylı sıra dağları və Qaarabağ vulkanik yaylası uzanır. Cənub-şərqdə, dəniz sahilboyunda isə Talış dağları və Lənkəran ovalığı yerləşir. Böyük və Kiçik dağ sistemləri arasında maili düzənliklər və alçaqdağlıq tirələrlə haşiyələnmiş Kür-Araz ovalığı uzanır. Xəzəryanı ovalıq ensiz zolaq şəklində, Dağıstan sərhədindən İran sahilinə qədər bütün Xəzər dənizi sahilboyunu əhatə edir. Respublika ərazisinin 60 faizə qədəri dağlıq, qalan ərazisini isə düzənliklər tutur.

Geoloji quruluşu. Azərbaycan geoloji baxımdan alp qırışıqlıq zonasının ən mürəkkəb və özünəməxsus regionlarından biri sayılır. Stratiqrafik kəsim aşağı Paleozoydan başlamış antropogenə kimi böyük çöküntülər diapazonunu əhatə edir. Respublika ərazisində Mezozoy və Kaynozoy dövrünün çöküntüləri daha yaxşı inkişaf etmişdir. Böyük Qafqaz ərazisi terrigen, karbonat, mollus, kiçik Qafqaz isə vulkanogen, karbonat, çöküntü tufogen fasiyalarla təmsil olunmuşdur. Antropogen dövründə respublika ərazisində dəniz, allüvial-delüvial, subareal kollagen və vulkanogen (andezit-bazalt) çöküntüləri toplanmışdır. Kiçik Qafqazın Mezozoy-Kaynozoy çöküntüləri içərisində qələvi orta və turş intruziyalara da rast gəlinir.

Relyefi. Azorbaycanın relyef müxtəlifliyi çox mürəkkəb və zəngindir. Ərazinin yarıdan çoxu müxtəlif hündürlüklü dağlardan, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlük fərqi - 27 m-dən 4466 m-dək dəyişir. Ərazinin 18%-i okean səviyyəsindən aşağı, 24%-i 0-200 m, 15.5%-i 200-500 m, 15,5%-i 500-1000 m, 19.5 %-i 1000-2000 m, 6.5%-i 3000 m-dən yüksək sahələr təşkil edir. Ərazinin orta yüksəkliyi 384 m-dir

Landşaftlar. Azərbaycanın təbii şəraitinin rəngarəng və mürəkkəb olması burada landşaft müxtəlifliyinin və relyef formalarının zənginliyinə səbəb olmuşdur. Respublika ərazisində, əsasən dağlıq və düzənlik landşaftlarına aid olan 11 landşafi tipi yayılmışdır. Dağlıq landşaftlar öz növbəsində yüksək dağlıq (nival və qismən nival landşaftı; alp, subalp və çəmən-çöl landşaftı), orta dağlıq (enliyarpaq meşə və meşədən sonrakı çəmən-kol landşaftı; dağ kserofıt landşaftı), alçaq dağlıq (çöl, qismən meşə-çöl landşaftı yarımsəhra landşaftı), dağ ətəklərinin enliyarpaq meşə landşaftı və ön dağlığın kserofit və çöl landşaft qruplarına ayrılır. Düzənlik landşaftlar ovalıq düzənliklərin meşə-çəmən landşaftı, düzənliklərin quru-çöl landşaftı, ovalığın və dağarası düzənliklərin yarım səhra landşaft tiplərinə ayrılır.

İqlimi. Azərbaycan Respublikasının ərazisi subtropik iqlim qurşağının şimal hüdudlarındadır. Ərazinin özünəməxsus coğrafı mövqeyi, mürəkkəb relyefi, Xəzər dənizi, intensiv günəş enerjisi, müxtəlif mənşəli hava kütlələrinin kəsişmə nöqtəsində olması onun iqlimini təyin edən əsas faktorlardır. Səth quruluşu, Günəş radiasiyası, atmosfer dövranı kimi iqlimyaradıcı amillər ilə bərabər havanın temperaturu, yağıntılar, rütubətlilik, buxarlanma, buludluluq, külək rejimi kimi iqlim ünsürlərinin unikal nisbəti ərazi etibarı ilə o qədər də böyük olmayan Azərbaycanda zəngin iqlim tipləri müxtəlifliyinin yaranmasına səbəb olmuşdur. Məhz bu xüsusiyyət və şəraitlərin təsiri nəticəsində Yer kürəsindəki 11 iqlim tipindən (V.Keppen təsnifatı) 8-inə burada rast gəlinir. Bunlar yarım səhra və quru-çöl iqlimi, qışı quraq keçən mülayim isti iqlim, yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim, yayı quraq keçən soyuq iqlim, yağıntısı bərabər paylanan mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və dağlıq tundra iqlimidir.

Torpaq örtüyü. Respublika ərazisi təbii xüsusiyyətlərinin müxtəlifliyi ilə seçilir. Burada tropik-meşə və savanna tipli landşaftlar istisna olmaqla planetdə rast gəlinən bütün torpaq-iqlim zonallığına rast gəlinir. Torpaqəmələgətirən süxurların və çöküntülərin, bioloji amillərin təsiri bura ümumilikdə 90-a yaxın torpaq tipləri və növlərinin yaranmasına səbəb olmuşdur. Respublika ərazisində dağ-çəmən, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, dağ qaratorpaq, şabalıdı, sarı, boz və qonur-boz, çəmən, şoran və şorakətvari torpaqlar kompleksi formalaşmışdır. Azərbaycan Respublikası ərazisində yayılmış torpaqlar, əsasən, dağlıq və düzənlik torpaqlarıa aid edilir. Onların 55.4%-i (4 790 000 ha) Böyük və Kiçik Qafqaz, Talış dağlıq vilayətlərinin payına düşür. Torpaqların 44.6 %-i (3 350 000 ha) Kür-Araz ovalığının, Gəncə-Qazax, Lənkəran, Quba-Xaçmaz düzənliklərinin və Abşeron yarımadasının payına düşür.

Florası. Azərbaycanın bitki örtüyü 162 fəsiləyə aid 4500-dən çox növü əhatə edir. Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur. Bu növlərdən 200-ü Azərbaycan, 950-si isə Qafqaz endemidir. Burada, həmçinin  23 relikt növ yayılmışdır. Əvvəlki geoloji dövrlərin qalıqları olan bu bitkilər ipək akasiya (Albizia julibrissin), adi şabalıd (Castanea sativa), hirkan şümşəsi (Ilex hyrcana), ayı fındığı (Corylus colurna), hirkan ənciri (Ficus hyrcanica), şərq çinarı (Platanus orientalis), giləmeyvəli qaraçöhrə (Taxus baccata), adi nar (Punica granatum), şabalıdyarpaq palıd (Quercus castaneifolia) və s. reliktlərdir. Ölkəmizin ən zəngin floraya malik əraziləri, əsasən, Naxçıvan (60%), Kür-Araz ovalığı (40%), Quba-Şabran ərazisi (38%), Kiçik Qafqazın mərkəzi hissəsi (29%), Qobustan (27%), Talış dağlarının Lənkəran rayonu əraziləri (27%) və Abşeron rayonu (22%) əraziləridir. Ölkə ərazisində 1500-ə qədər dərman bitki növü aşkar edilmişdir. Floramızın ən zəngin fəsilələrinin mürəkkəbçiçəklilər (Compositae; 563 növ), taxıllar (Graminae; 462 növ), paxlalılar (Leguminosae; 275 növ), xaççiçəklilər (Crusiferae; 242 növ), dodaqçiçəklilər (Labiatae; 214 növ) və gülçiçəklilər (Rosaseae; 208 növ) fəsiləsidir. Üzüm çiçəklilər (Vitaceae), trilliyalar (Trilliaceae), trapakimilər (Trapaceae), salviniyalar (Salvinaceae) və s. fəsilələri isə cəmisi bir növ ilə təmsil olunur.

Fauna. Azərbaycan Respublikası zəngin faunaya malik olub təxmini hesablamalara görə 40 000-dən çox növ ilə təmsil olunmuşdur. Azərbaycanın ornitofaunası 16 dəsləyə aid 400-ə yaxın quş növü ilə təmsil olunur. Bu quşların bir çoxları Dünyanın Qırmızı Siyahısına salınmışdır. Azərbaycanın balıq faunasında 100-ə yaxın növ təsvir edilmişdir. Azərbaycanın məməlilər faunası (Mammalia) 11 növdən ibarətdir, Bu növlər 7 dəstəyə aiddirlər. Bunlar yırtıcılar (Carnivora), cücüyeyənlər (Insectivora), (Rodentia), cütdırnaqlılar (Artiodactyla), pərayaqlılar (Pinnipedia), dovşankimilər (Lagomorpha) və yarasalar (Chiroptera) dəstələridir. Ərazinin sürünənləri (Reptilia) 3 dəstəyə aid 54 növdən ibarətdir. Bu növlər tısbağalar (Testudines), pulcuqlular (Squamata) və ilanlar (Serpentes) dəstəsi ilə təmsil olunmuşdur. Respublika ərazisində rast gəlinən hörümçəkkimilər (Arachnida) 1 dəstəyə aid 1837 növlə təmsil oiunur. Milli faunanın ən zəngin sinfi cücülər (Insecta) sinfidir. Burada 35 dəstəyə aid 25000-dən çox növ təsvir edilmişdir.

Daxili sular. Çaylar üç qrupa ayrılır. Birinci qrupa Talış dağlarından və Böyük Qafqazın şimal-şərq yamacından birbaşa X əzər dənizinə tökülən çaylar; ikinci qrupa Kür çayının hövzəsinə aid olan çaylar olub, bura Kürün sağ və sol qolları, həmçinin Araz çayı daxildir. Abşeron və Qobustanın müvəqqəti axarlı çayları isə üçüncü qrupa aiddir. Azərbaycan ərazisində irili-xırdalı 8500-ə qədər çay vardır. Onlardan 850-sinin uzunluğu 5 km-dən artıqdır. Uzunluğu 100 km -dən artıq olan cəmi 21 çay mövcuddur.

Göllər. Azərbaycanda göllərin ümumi sayı 700 daimi mövcud olan göllər 250-yə yaxındır. Onlardan 25-nin sahəsi 1 km-dən çoxdur. Abşeronda və Qobustanda yerləşən göllər əsasən şorsuludur. Şahdağ, Tufan, Bazardüzü zirvələrinin ətrafında şirinsulu buzlaq və uçqun mənşəli göllər vardır. Qarabağ vulkanik yaylasında əmələ gəlmiş Böyük Alagöl və Kiçik Alagöl tektonik mənşəlidir. Göygöl v ə ona yaxın olan digər göllər uçqun mənşəlidir.

Su anbarları. Azərbaycanda olan 140-a yaxın su anbarı və dəryaçalar 87 min ha sahə tutur. Onlarda 18.5 km su ehtiyatı toplanmışdır.

Buzlaqlar. Buzlaqlar Böyük Qafqaz dağlarında Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində, Kiçik Qafqazda Qapıcıq zirvəsində əmələ gəlmişdir.

Xəzər dənizi. Dünyanın ən iri qapalı su hövzəsi olub, uzunluğu 1200 km, orta eni 310 km, sahəsi 392.6 min km suyunun həcmi 78.6 mm km-dir. Bu həcm Yer kürəsindəki ümumi göl su ehtiyatının 44%-ni təşkil edir. Dənizin maksimal dərinliyi 1025 m, orta dərinliyİ isə 184 m-dir.

Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri. Azərbaycanda ümumi sahəsi 310 534 ha olan 8 Milli park, ümumı sahəsi 218 335.2 ha olan 11 Dövlət Təbiət Qoruğu, ümumi sahəsi 361 157 ha olan 24 Dövlət Təbiət Yasaqlığı, 3000-dək dünya, dövlət və yerli əhəmiyyətli təbiət abidəsi vardır.