Masallı rayonu print

Masallı rayonu l930-cu ildə təşkil edilmişdir.

Relyefi. Masallı rayonu şərqdən Xəzər dənizi (Kiçik Qızılağac körfəzi) ilə əhatələnir. Səthi, əsasən, ovalıq (Lənkəran ovalığı), qismən dağlıqdır. Rayonun qərb dağlıq hissəsi Burovar silsiləsinin alçaq dağ qurşağını əhatə edir. Cənub hissədə rayonun ən hündür Dəmbəlov zirvəsi (917 m) yerləşir. Rayonun Xəzər sahili mürəkkəb relyef quruluşu müxtəlif iqlim tiplərinin yaranmasına səbəb olmuşdur. Rayonun ərazisindən Viləşçay, Şərətük, Şina-Parada, Qodmançay, Göytəpəçay, Mətəlçay və s. çaylar axır. Viləşçayın maili düzənliyə çıxdığı çox mənzərəli yerdə Viləşçay su anbarı yaradılmışdır.

Geoloji quruluşu. Paleogen, Antropogen çöküntüləri yayılmışdır.

Çayları və hövzələri. Ərazi çaylar və mineral bulaqlarla zəngindir. Əsas çayı Viləşdir. Bu çay ərazinin ən uzun çayı (115 km) hesab edilir. Viləş öz başlanğıcını Talış silsiləsinin şimal-qərb yamacından (1880 m) götürub Qızılağac köfəzinə tökülür.

Landşaftları və bioloji müxtlifliyi. Rayonun şimal-şərq hissəsi qışı mülayim , yayı quraq keçən yarımsəhra və quru çöl şərq hissəsi yayı quraq keçən m ülayim isti, qərb dağlıq hissəsi isə yarımrütubətli subtropik iqlimə malikdir.

Torpaq örtüyü. Podzollaşmış və sarı dağ-meşə, allüvial çəmən, bataqlıq-çəmən torpaqları yayılmışdır.
Ovalıq ərazilərində meşənin yerində əmələ gəlmiş kollu və seyrək meşəli çəmən bitkiləri üstündür. Dağlıq və dağətəyi hissədə enliyarpaqlı (palıd, fıstıq, vələs) və Hirkan meşələri (dəmirağac, şabalıdyarpaq palıd və s.) vardır.
Bitki örtüyü və meşə sahəsinə görə zonanın başqa rayonlarından o qədər də fərqlənmir. Meşə ilə örtülü sahəsi 15.552 ha, meşəlik faizi isə 21.6 % təşkil edir. Meşələrdəki əsas və məhsuldar ağac növləri şabalıdyarpaq palıd və fistıqdır. Onların təmiz və dəmirağac, azat, vələs və digər ağaclarla qarışıq meşələri də çoxdur. Qızılağac Dövlət Təbiət Qoruğunun bir hissəsi Masallı ərazisində yerləşir.
Dağətəyi ərazilərdə ipək akasiya (Albizia julibrissin), hirkan ənciri (Ficus hyrcana), qafqaz xurmasə (Diospyros lotus), dəmirağac (Parrotia persica), azatağac (Zelkova carpinifolia) yayılmışdır. Alçaq dağətəyi ərazilərdə x əzər lələyi (Gleditsia caspica) və s. bitir. Çay sahillərində qanadmeyvə yalanqoz (Pterocarya pterocarpa), ürəkvariyarpaq qızılağac (Alnus subcordata) yayılmışdır. Dəniz sahili ovalıq və çökəkliklərdə yarımsəhra, bataqlıq və su-bataqlıq bitkiləri - acılıq (Ephedra sp.), bataqlıq süsəni (Iris pseudocorus), qurbağaotu (Sparganum poluedrum), qamış (Phragmites communis), ciyən (Tupha sp.), cil (Carex sp.), cığ (Juncus sp.) yayılmışdır.

Masallı rayonu çox zəngin faunaya malikdir. Burada Qızılağac qoruğunda heyvanlardan canavar (Canis lupus), tülkü (Vulpes vulpes), çaqqal (Canis aureus), dovşan (Lepus europoeus), qamışlıq pişiyi (F elis chaus), porsuq (Meles meles) və s., quşlardan turac (Francolinus francolinus), dovdaq (Otis tarda), mərmər cürə (Marmaronetta angustirostris), dəniz qartalı (Haliaeetus albicilla), məzar qartalı (Aquilla heliaca), sultan toyuğu (Porphyrio porphyrio), qırmızıdöş qaz (Branta ruficollis) və s. təsadüf edilir.

Tarixi abidələriMasallı Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar, Qafqaz Albaniyasnın Kaspina vilayətinin, XVI-XVIIl əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarında Lənkəran xanlığının tərkibində olmuşdur. Masallı toponimi "Masal"- Yer ərazi "Lı" isə məkan bildirən şəkilçi olduğu güman edilir.

Arxeoloji abidələri. Qızılağac kəndi yaxınlığında Dəmir Dövrünə aid Xəzitəpə kurqanı. Hişkədərə kəndi yaxınlığında tunc Dövrünə aid Xudabaxış yurdu nekropolu, Barzətəpə, Gavurtəpə kurqanları. Təzə Alvadı kəndində Tunc və Dəmir dövrlərinə aid Məmmədtəpə, İstiottəpə, Alıtəpə kurqanları.

Tarixi abidələri. Hişkədərə kəndində Nəzərixanım türbəsi (XIV əsr). Ərkivan kəndində Ərkivan qalası (IX-XI əsrlər), məscid (XIX əsr). Mahmudavar kəndi yaxınlığında Orta Əsrlər (III-IX əsrlər) yaşayış yeri. Baba Seyidağa türbəsi (XVI əsr). Qızılağac kəndində məscid (XIX əsr). Masallı şəhərində cümə məscidi və hamam (XIX əsr). Şıxlar, Qodman, Mahmudavar, Yeddioymaq və Hüseynhacılı kəndlərində daşdan yonulmuş qoç fiqurları. Ninalov kəndində Orta əsrlərə aid Səhhət qalası qalıqları.

Əhalisi. Əhali, əsasən, azərbaycanlılar və talışlardan ibarətdir. Burada ruslar və s. xalqlar da yaşayır.