Beyləqan rayonu print

Beyləqan rayonu 1939-cu ildə təşkil edilərək bolşevik inqilabçısı Andrey Jdanovun (1896-1948) şərəfinə Jdanov rayonu adı ilə fəaliyyət göstərmişdir.
1963-cü ildə ləğv edilərək İmişli rayonuna verilmişdir. 1964-cü ildən bərpa edilmiş, ölkəmiz özünün ikinci müstəqilliyini qazandıqdan sonra indiki tarixi adına sahib olmuşdur.
Relyefi. Mil düzünün cənub-qərbində yerləşir. Ərazinin şimal-şərq hissəsi okean səviyyəsindən aşağıdadır. Cənub-qərb hissədə hündürlük 100 m-ə çatır.
Geoloji quruluşu. Əsasən, Antropogen çöküntülərdən təşkil olunmuşdur.
Çayları və su hövzələri. Rayonun şimal-şərq sərhədindən Kür çayı, cənub-şərq sərhədindən Araz çayı axır. Kür çayının mənbəyi Qızıl-Gədik dağının şimal-şərq hissəsində (2720 m) yerləşir. Araz çayı Kürün ən böyük qoludur. Araz Türkiyə ərazisində Bingöl silsiləsindəki (2600 m) külli miqdarda bulaqlardan formalaşır.
Landşaftları və bioloji müxtəlifliyi. İqlimi yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə uyğundur. Yovşanlı və yovşanlı- şorangəli yarımsəhra bitkiləri geniş sahələr tutur.
Boz və boz-çəmən torpaqlar yayılmışdır. Yovşanlı və yovşanlı-şoranotlu bitkilər geniş sahə tutmaqla bərabər meşə sahələri də mövcuddur. Mil düzünə aid olan bu ərazinin florası Ağcabədi florasına yaxındır. Bu rayon respublikamızın başqa rayonlarına nisbətən ağır torpaq və iqlim şəraitinə malikdir.
Heyvanları ceyran (Gazella subgutturosa), qaban (Sus scrofa), canavar (Canis lupus), adi tülkü (Vulpes vulpes), boz dovşan (Lepus europaeus) və s. Quşlardan turac (Francolinus francolinus), çöl göyərçini (Columba livia), qaraqarın bağrıqara (Pterocles orientalis), qırqovul (Phasianus colchicus), sultantoyuğu (Porphyrio porphyrio), flaminqo (Phoenicopterus roseus), qaraquş (Pandion haliaetus), ərsindimdik (Platalea leucorodia), qarabattaq (Phalacrocorax pygmeus). Ağgöl Milli Parkının bir hissəsi burada yerləşir.
Arxeoloji abidələr. Aşağı Çəmənli kəndi yaxınlığında yeddi təpədən ibarət ilk Tunc Dövrünə aid Çardaqlı Abidələri - qədim yaşayış yeri. İlk Tunc Dövrü əhalisi oturaq həyat sürmüş, əkinçilik və maldarlıqla məşğul olmuşdur. İkinci Aşıqlı kəndi yaxınlığında m.ə. VII-V əsrlərə aid qəbiristanlıq. Təxminən 3 m dərinlikdə açılmış qəbirlərdən insan sümükləri, dəmir bıçaq, xəncər, dəhrə, tunc düymələr, bülöv daşı, qara və boz rəngli təkqulp kuboklar və s. mədəniyyət nümunələri aşkar edilmişdir. Əhali, əsasən, yarımköçəri həyat sürmüş, əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Kəbirli kəndi yaxınlığında V əsrdə Sasani hökmdarı I Qubad (488-531) tərəfindən salınmış qədim Beyləqan şəhərinin xarabalıqları. Qala divarları, qala darvazası, yaşayış binaları. Təzəkənd ərazisində III-IV əsrlərdə salınmış Qafqaz Albaniyasının əsas şəhərlərindən biri olan Paytakaranın xarabalıqları. M.ə. I minilliyə aid Govurarx qədim suvarma kanalı. Arazdan Qarqarçayadək uzanan bu kanal mənbələrdə Barlas da adlanır. Aşağı Çəmənzəminli kəndi yaxınlığında Araz çayının keçmiş yatağının sol sahilində 7 təpədən ibarət Çardaqlı Abidələri, ilk Tunc Dövrünə aid bu təpələrdən müxtəlif saxsı qablar tapılmışdır. Beyləqan rayonunun mühüm abidələrindən biri qafqazda yeganə peyğəmbər ocağı olan Həzrəti Cərciz Peyğəmbər ziyarətgahıdır.
Rəvayətlərə görə, Cərcis (313-392) buraya Suriya ərazisindən IV əsrdə tək allahlığı yaymaq üçün gəlmişdir. Fələstinli Cərciz Peyğəmbərə ömrünün axırına kimi 33 min nəfər iman gətirib. O, təkallahlığı təbliğ etdiyinə görə böyük əziyyətlərə məruz qalmışdır. Zülmə dözdüyünə görə xalq arasında «Səbr edən peyğəmbər» kimi tanınır. Ziyarətgah XX əsrin əvvəllərində Təbrizli Usta Həsən tərəfindən inşa edilmişdir. Ziyarətgahın ətrafında olan qəbirlərin tarixi isə VII-VIII əsrlərə aiddir. Burada oğuz türklərinin adət-ənənələrini nümayiş etdirən işarələr, Şirvanşahlar dövrünə aid məzarlar vardır. Digər versiyaya görə o, xristianlığın ən çox qibtə edilən və böyük şəhidlərindən biri olan Kappadokiyalı Müqəddəs Georgiusdur (Saint George; 281 - 303).