Göyçay rayonu print

Göyçay rayonu 1930-cu ildə təşkil olunmuşdur. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçürülmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. 1867-ci ildə yaradılmış Göyçay qəzası Bakı quberniyasının tərkibində olmuş, 1929-cu ildə ləğv edilmişdir. Ərazinin adı sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür.
Relyefi. Səthi düzənlik olub Şirvan düzünün şimal kənarıdır. Rayonun şimal hissəsi Bozdağ silsiləsinə daxildir. Şərq hissəsində Qaraməryəm silsiləsi uzanır. Rayonun cənub-qərb hissəsi okean səviyyəsindən aşağıdadır.
Geoloji quruluşu. Pliosen və Antropogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Əsas çayı Göyçaydır. Göyçay Lahıc dağ sistemindən - Kovdağın qərb yamacından (1980 m) başlayır. Çayın 10 qolu vardır.
Landşaftları və bioloji müxtəlifliyi. Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi üstündür. Boz-çəmən, dağ boz-qəhvəyi, şabalıdı, açıq-şabalıdı və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, efemerli-yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra, dağlıq - kserofil bitki qruplarından ibarətdir. Seyrək saqqızağac (Pistacia nıutica), ardıc (Juniperus sp.) meşələri, arid kolluqlar: nar (Punica granatum), qaratikan (Paliurus spina-christi), murdarça (Rhamnus pallasii), dovşanalması (Cotoneaster sp.), yulğun (Tamarix sp.) vardır.
Arxeoloji abidələri. Qaraməryəm kəndi yaxınlığında m.ə. III əsrə aid küp qəbirlər nekropolu. İncə kəndi yaxınlığında m.ə. I əsrə aid küp qəbirlər.
Tarixi-mədəni abidələri. Şahsoltanlı kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri, ikinci Ərəb-cəbirli kəndində I-II əsrlərə aid qəbiristanlıq, Surxay qalası. Alpoud kəndində Hacı Cəlilli məscidi (XIX əsr). Göyçayda məscid (1917), yeraltı hamam.