Zəngilan rayonu print

1930-cu ildə təşkil edilmişdir. Zəngilan şəhəri 1957-ci ilədək Pirçivan adlanmışdır. Tarixi mənbələrə görə (H.Qəzvini) Zəngilanın əsası 636-cı ildə qoyulmuşdur. 29.10.1993-cü il tarixindən ermənilər tərəfindən işğal olunmuşdur.
Relyefi. Rayon ərazisi mürəkkəb və parçalanmış səthə malik olub orta və alçaq dağlıq ərazilərdə yerləşir. Rayonun şimal-qərb hissəsində Bərgüşad silsiləsi yerləşir (Süsəndağ, 1304 m). Bu silsilədən Bazarçay-Oxçuçay ərazisinə qədər olan sahə (Ağoyuq düzü) hündürlüyü 400-600 m olan maili düzənlikdir. Rayonun şimal-şərq hissəsi (Qarabağ silsiləsinin Həkəri və Araz çayları arasındakı alçalan yamaclar) təpəli Gəyan düzünü əmələ gətirir. Rayonun qərb hissəsi Mehri-Güney silsiləsinin şərq qurtaracağıdır.
Geoloji quruluşu. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır.
Çayları və su hövzələri. Ərazi mineral bulaqlarla (Kevşanlıbulaq və s.) zəngindir. Əsas çayları Həkəri, Oxçuçay, Bəsitçay, Kevşanıbulaq olub Araz hövzəsinə aiddir. Araz çayı boyu iran ilə həmsərhəddir. Həkəri 950 m yüksəklikdə Şəlvə və Hoçazsu çaylarının qovuşmasından yaranır. Əsas çay Şəlvə qəbul edilib. Onun mənbəyi Mıxtökən silsiləsində 2580 m yüksəklikdə yerləşir. Çayııı 15 qolu var. Oxçuçay başlanğıcını Zəngəzur silsiləsinin Qapıçıq dağından (3285 m) alır. Bəsitçay öz mənbəyini Bartaz yaylasından götürür.

Landşaftları və bioloji müxtəlifliyi. Ərazinin iqlimi, əsasən, qışı quraq keçən mülayim isti iqlimdir. Düzən və dağətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli- çəmən torpaqları yayılmışdır.
Bitki örtüyündə bozqır formasiyası geniş yer tutur. Quru-bozqır, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr (palıd, vələs və s.) vardır.
Ərazinin meşə örtüyündə iberiya palıdı (Quercus iberica) və qafqaz vələsi (Carpinus caucasica) üstünlük təşkil edir. Bu rayonlarda kəskiniyli ardıc (J.foetidissima) və saqqızağac (Pistacia mutica) da geniş sahələrdə yayılmışdır. Palıd meşələrinin sahəsi 11.960 ha, vələs meşələrinin sahəsi isə 6.400 ha təşkil edir.
Araz palıdı (Q.araxina) Zəngilan rayonunda quru daşlı yamaclarda dağdağan (Celtis sp.), şərq vələsi (C.orientalis), saqqızağac (P.mutica), iberiya ağcaqayını (Acer iberica), qarağac (Ulmus sp.), söyüdyarpaq armud (Pyrus salicifolia), kəskiniyli ardıc ilə aşağı bonitetli seyrək meşəliklər yaradır. Seyrək ağaclıqlar arasında tək-tək və topa halında kserofit kollara rast gəlinir. Onların ən xarakterik növlərindən dəvəqıran (Atraphaxis spinosa), iberiya doqquzdonu (Lonicera iberica), xırdameyvə albalı (Cerasus microcarpa), acılıq (Ephedra sp.), jasmin (Jasminum fruticans), pallas murdarçası (Rhamnus pallasii), qaratikanı (Paliurus spina-christi) göstərmək olar. Ot örtüyü kserofit növlərdən ibarət olub, qismən yarımsəhra elementlərinə də rast gəlinir.
Zəngilan rayonunda badam (Amygdalus sp.) ağacları 800 m-dən 1400 m yüksəkliyə qədər rast gəlinir. Rayonun «Sürtün» massivində badam ağaclıqlarının sahəsi 300 ha-dan çoxdur. Burada badam (Amygdalus fenzliana), saqqızağac (P.mutica), iberiya ağcaqayını (A.iberica), kəskiniyli ardıc (J.foetidissima) və çoxmeyvəli ardıc (J.polycarpos) ilə qarışıq ağaclıqlar yaradır. Bəzən ağaclıqda iberiya ağcaqayını üstünlük təşkil edir. Çox yerdə meşəaltı kimi topulqa (Spiraea sp.) üstünlük edir. Qaratikan (Paliurus spina-christij, dovşanalması (Cotoneaster sp.), Pallas murdarçası (Rhamnus pallasii), ardıc (Juniperus sp.), zirinc (Berberis sp.), itburnu (Rosa sp.) kollarına da rast gəlinir.
Ot örtüyü seyrək olub, tərkibində yovşan (Artemisia sp.), daşdayan (Andropogon sp.), məryəmnoxudu (Teucrium sp.), kəklikotu (Thymus sp.) və tək-tək solmazçiçək (Xeranthemum sp.) bitir.
Zəngilan rayonunda Bəsitçayı boyu geniş ərazidə şərq çinarı (Platanus orientalis) meşəsi bitir. Bəsitçay Dövlət Təbiət Qoruğu ərazisində yayılan bu meşəlikdə çinar ağac adi qozla (Juglans regia) qarışıq ağaclıq yaradır. Bu iki ağac növü meşəliyin I yarusunu tutur. Bəzi çinar ağaclarının boyları 30-35 m, döş bərabərində diametrləri 2-3 m-ə çatır. II mərtəbədə isə boyları 10-15 m, diametrləri 40-60 sm olan dağdağan (Celtis sp.) bitir. Çayın kənarında çinara qovaq (Populus sp.) qarışır. Seyrək halda uzunsaplaq palıd (Q.longipes) və qarağaca (Ulmus sp.) təsadüf olunur.
Çinar meşəliyində ot örtüyü olduqca müxtəlif və zəngindir. Burada ən çox cincilim (Stellaria media), qırtıc (Poa annua), ətirşah (Geranium molle), gicitkan (Urtica dioica), topa halında otşəkilli qəndalaş (Sambucus ebulus), zəncirotu (Taraxacum vulgare) bitir.
Çay kənarlarında və onlara yaxın yüksək təpəliklərdə qaratikan, adi nar, çaytikanı, itburnu, dovşanalması kolları bitir.
Ərazinin faunası Qubadlı rayonunun heyvanlar aləminə oxşardır. Burada cüyür, qaban, qonur ayı, canavar, çaqqal, adi tülkü, ağdöş kiıpi, oxatan kiıpi, boz dovşan, quşlardan turac, kəklik və s. canlılar yaşayır. Ərazinin cücülər faunası zəngindir.

Tarixi-mədəni abidələri. Əmirxanlı kəndi yaxınlığında Qızqalası (XII əsr). Məmmədbəyli kəndi yaxınlığında Macalı qülləsi (XIV əsr). Şərifan kəndi yaxınlığında Şərifan türbəsi (XIV əsr). Macalı kəndi yaxınlığında orta əsrlərə aid Şəhri- Şərifan şəhəri. Genlik kəndi yaxınlığında məscid (XIX əsr). Üdgün kəndi yaxınlığında məscid (XIX əsr).