Alt aləm: Embryophyta - Ali bitkilər print

Bu alt aləmə gövdə, yarpaq və kökü olan bitkilər aiddir. Onları gövdə-yarpaqlılar, bəzən isə borulu bitkilər adlandırırlar. Bu bitkilərin sporofitlərinin orqanlarında borular və traxeidlər mövcuddur. Ali bitkilər tarixi inkişaf zamanı yerüstü həyata alışmışlar. Bu bitkilərdə cinsi (qametofit) və qeyri-cinsi (sporofit) nəsil növbələşir.
Ali bitkilər alt aləmində ali sporlu və ali toxumlu bitkilər ayırd edilir. Ali sporlu bitkilər üçün cinsi və qeyri-cinsi çoxalma xarakterikdir. Qeyri-cinsi çoxalma birhüceyrəli sporofitlərin sporangiyalarında əmələ gələn sporlar hesabına, cinsi çoxalma isə cinsi hüceyrələrdə əmələ gələn qametlər hesabına baş verir. Ali toxumlu bitkilər üçün çoxhüceyrəli törəmələrin – toxumların olması xarakterikdir. Toxumlar çoxalma nəticəsində yaranır.
Ali bitkilər alt aləmi bir neçə şöbəyə ayrılır. Sporlu ali bitkiləri Riniofitlər (Rhyniophyta) və Zosterfillofitlər (Zostrophyllophyta), Mamırlar (Bryophyta), Plaunlar (Lycopodiophyta), Psilotlar (Psilotophyta), Qatırquyruqlular (Eguisettophyta), Qıjıkimilər (Polypodiophyta) şöbələrinə bölürlər. Ali toxumlu bitkilər isə Çılpaqtoxumlular (Gymnospermae) və Örtülütoxumlular, yaxud Maqnoliyalar (Çiçəklilər) (Angiospermae və ya Magnoliophyta) şöbəsinə bölünür. Çılpaqtoxumlular və Örtülütoxumlular toxumlu, qalanları isə sporlu ali bitkilərdir. Sporlu ali bitkilərin bir qismində spor eynidir (eyni sporlu bitkilər), bəzilərində isə müxtəlif ölçülərdə rast gəlinir (müxtəlif sporlu bitkilər).