Şöbə: Polypodiophyta - Qıjıkimilər print

Bu şöbəyə, əsasən, otşəkilli, rütubətli, nəm torpaqda məskunlaşan bitkilər aiddir. Tropik meşələrdə bitən bəzi qıjılar ağacları xatırladır və onların hündürlüyü 25 m-ə çatır. Qıjıkimilərin ən tipik nümayəndəsi qıjılardır. Qıjıların 12.000-ə qədər növü mövcuddur.

Azərbaycan florasında 28 cinsə və 19 fəsiləyə aid olan 69 növ qıjı tapılıb. Bu şöbənin nümayəndələri meşələrdə və açıq ərazilərdə cəngəlliklər əmələ gətirir, qaya üzərində və çatlarında, sakit axan sularda (salviniya, marsiliya qıjıları) yayılmışdır. Onlardan 4-ü "Azərbaycanın Qırmızı Kitabı"nın II nəşrinə salınmışdır. Bunlar tükvari qamçılıca (Anogramma leptophylla), dağ ayıdöşəyi (Dryopteris limbosperma), Radde ayıdöşəyi (Dryopteris raddeana) və alp vudsiyasıdır (Woodsia alpina).

Qıjılar üçün də cinsi və qeyri-cinsi nəslin növbələşməsi xarakterikdir. Lakin mamırlardan fərqli olaraq bu şöbənin bitkilərində uzunömürlü sporofitlər dominantlıq təşkil edir. Sporofitlərdə əsas orqanlar – gövdə, yarpaqlar və kökümsov var. Qametofitlər isə qısaömürlü, çox kiçik ölçüdə, lövhəcik şəklində olan zərif cücərtilərdir, rizoidlər vasitəsilə torpağa yapışmış olur. Qıjılar çiçəksiz bitkilər olub sporlar vasitəsi ilə çoxalır.

Sporlar xüsusi “kisələr” olan sporangilərdə, sporangilər isə soruslarda toplanır. Soruslar yarpağın alt tərəfində sarımtıl nöqtələr şəklində olur. Qıjılar üçün mürəkkəb inkişaf sikli xarakterikdir. Sikl qametofitin izosporlarının inkişafı ilə başlayır. İzosporlarda anteridiyalar (erkək cinsi orqanlar) və arxeqonilər (dişi cinsi orqanlar) şəklində cinsi orqanlar əmələ gəlir. Axırıncılarda cinsi hüceyrələr inkişaf edir. Mayalanmadan sonra ziqotdan sporofit əmələ gəlir. Sonradan sporofitdən qametofitlərin inkişafına başlanğıc verən sporlar yaranır. Qıjıkimilərin böyük qismi müxtəlif sporlu bitkilərdir.

Bir çox ekosistemlərin tərkib hissələrini təşkil etdiklərinə görə təbiətdə qıjıkimilərin əhəmiyyəti böyükdür. Bəzi növlərindən farmakoloji sənayedə istifadə olunur. Qıjıkimilər 7 alt şöbəyə bölünür. Bu şöbənin nümayəndələrinə əsasən, məhv olmuş növlər aiddir. Qıjıkimilər qədim sporlu bitkilərdir. Onlar artıq Devon Dövründə mövcud olmuş, Karbon Dövründə isə hündürlüyü 30 m olan qıjı meşələri mövcud olmuşdur. Bu bitkilərin qalıqlarından daş kömür yaranır.

    Azərbaycanda yayılmış qıjıkimilərin təsnifatı (A. Əsgərov, 2016)

Fəsilələr

Növlər

Adiantaceae (Adiantkimilər)

Adiantum capillus

Azollaceae (Azollalar)

Azolla filiculoides

Dryopteridaceae (Ayıdöşəyilər)

Polystichum lonchitis, P.aculeatum, P.setiferum, P.kadyrovi, P.braunii, P.woronowii, dryopteris expansa, D.carthusiana, D.remota, D.filix-mas, D.pseudorigida, D.caucasica, D.oreades, D.affinis, D.raddeana, D.mantoniae

Aspleniaceae (Qamçılıcalar)

Asplenium adiantum-nigrum, A.pseudolanseolatum, A.ruta-muraria, A.serpentrionale, A.trichomanes, A.viride, A.woronowii, Ceterach officinarum, Phyllitis scolopendrium

Athyriaceae (Qalxansızlar)

Athyrium filix, A.distentifolium, Cystopteris fragilis, C.dickieana, Gymnocarpium robertianum, G.dryopteris, Hymenocystis fragilis,

Cryptogrammaceae (Gizlisporlular)

Cryptogramma crispa

Dennstaedtiaceae (Vel qıjıları)

Pteridium tauricum, P.aquilinum

Hemionitidiaceae (Hemionitidlər)

Anogramma  leptophylla

Marsileaceae (Marsiliyalar)

Marsilia quadrifolia, M.strigosa

Onocleaceae (Dəvəquşulələyilər)

Matteuccia struthiopteris

Ophioglossaceae (Koramalotları)

Ophioglossum vulgatum, O.lusitanum, Botryhcium lunaria, B.virginianum

Osmundaceae (Osmundalar)

Osmunda regalis

Polypodiaceae (Şirinkök qıjılar)

Polypodium vulgare, P.issaevii

Pteridaceae (Pterislər)

Cheilanthes pterioides, Ch.persica, Notholaena marantae, Cryptogramma crispa, Pteris cretica, P.vittata, Adiantum capillus, Anogramma leptophylla

Salviniaceae (Salviniyakimilər)

Salvinia natans

Sinopteridaceae (Sinopteridilər)

Cheilanthes persica, C.acrosticha

Thelypteridaceae (Telipterislər)

Thelypteris palustris, Oreopteris limbosperma, Phegopteris connectilis

Woodsiaceae (Vudsiyalar)

Woodsia alpina, W.glabella