Şöbə: Cyanobionta - Göy-yaşıl yosunlar və ya Sianeyalar print

Tək-tək və ya koloniyaşəkilli orqanizmlər olub xüsusi nüvəsi olmayan, lakin daimi hüceyrə formasına malikdir. Tək-tək formanın ölçüləri 10 mkm tərtibində olur. Sianobiont koloniyaların və onların həyat fəaliyyəti məhsullarının ölçüləri isə yüzlərlə metrə çatır. Sionabiontlar fotosintezə malik olub biogen oksigen istehsal edən ilk orqanizmlərdir. Təxminən 3.5 mlrd. il əvvəl yaranıb.

Göy-yaşıl yosunlar, əsəsən, göy-yaşıl rəngdə olur. Lakin çəhrayı və qara rənglilərə də rast gəlinir. İki yüzdən çox növü olan göy-yaşıl yosunlar dəniz və şirin suların bentosu və planktonuna aiddir. Torpaq səthində, 80 °C-dək isti su mənbələrində, qarlı zirvələrdə və qütb ərazilərində yayılmışdır.

Müasir sianobiontlar dəniz və şirin su hövzələrinin nisbətən dayaz sahələrində yaşayır. Bəzi sianobiontlar torpaqda, onun səthində, hətta səhra şəraitində yaşayır.

Sianobiontların nüvəsinin olmaması onları bakteriyalara yaxınlaşdırır. Lakin xlorofilin olması və fotosintez bacarığı isə onları yosunlara yaxınlaşdırır. Xlorofil ilə yanaşı, göy-yaşıl xarakterli fikosian piqmenti vardır. Sianobiontlar bakteriyalarla müqayisədə mürəkkəb struktura və piqmentə malikdir. Lakin nüvələrinin olmamasına görə onlar yosunlara nisbətən daha primitiv canlılardır.

Göy-yaşıl yosunların təbiətdə rolu və təsərrüfat əhəmiyyəti çox yüksəkdir. Onlar üzvi maddələr mənbəyi, su hövzələrində oksigen produsenti kimi əhəmiyyətlidir. Diatomitlər, silisium yataqları, bəzi əhəngdaşılar kimi dağ süxurları məhz diatom, göy-yaşıl və yaşıl yosunların fəaliyyəti nəticəsində formalaşır. Bəzi göy-yaşıl yosunlar dağ süxurlarını parçalayaraq torpaqəmələgəlmə sistemində, bakteriya və göbələklərlə birlikdə su hövzələrinin özünütənzimlənməsində iştirak edir.

Lakin göy-yaşıl yosunların fəaliyyətinin ziyanlı tərəfləri də vardır. Onlar həddən çox artdıqları zaman suyun çiçəklənməsi baş verir. Bu zaman orqanizmlərin əksəriyyəti dibə enir, çürümə prosesi güclənir, suda oksigenin miqdarı azalır, karbon dioksid isə əksinə artır. Suyun çiçəklənməsi su təminatı sistemlərinə ziyan vurur (sudan kəskin iy gəlir, təmizləyici filtrlər sıradan çıxır və s.).

Kənd təsərrüfatında göy-yaşıl yosunlardan üzvi gübrə kimi istifadə edilir. Göy-yaşıl yosunlar humusun yaranmasına kömək edir, torpağın aerasiyasını və strukturunu yaxşılaşdırır.

Göy-yaşıl yosunlar həmçinin spirt, ammonium, lak, üzvi turşular, yod, brom, yapışqan maddə, aqar-aqar, karotin, bioloji aktiv maddələr kimi qiymətli üzvi maddələrin alınmasında xammaldır. Onlardan kağız-karton istehsalında, mikrobioloji sənayedə, qida sənayesində (dəniz kələmi, dəniz salatı və s.) geniş istifadə edilir. Sanitar hidrobiologiya sahəsində yosunlardan su hövzələrinin üzvi maddələrlə çirklənmə dərəcəsinin qiymətləndirilməsi zamanı indikator kimi istifadə edilir, sənaye sularının təmizlənməsində effektiv nəticələr verir.

Ölkəmiz göy-yaşıl yosunlarla zəngindir. Təkcə Naxçıvanın mineral su hövzələrində 100-dən çox göy-yaşıl yosun növləri təsvir edilmişdir. Onlardan ən geniş yayılmışları Chroocophyceae, Chamaesiphoneae, Hormogoneae siniflərinə aiddir. Chroocophyceae sinfinin nümayəndələri, əsasən, Synechocystis (S. parvula, S. sallensis, S. aguatilis və s.), Rhabdoderma (Rh. irregulare, Rh.lineare), Tetrarcus (T.listeri), Dactulocopsis (D.acicularis,
D.planctonica, D.irregularis, D.rupestris
və s.), Merismopedia (M.minima, M.tenuissima,
M.marssonii, M.punctata
və s.), Microcystis (M.aeruginosa, M.grevilleri, M.muscicola), Aphanothece (A.clathrata, A.saxicola, A.alpina) cinslərinə aiddir.

Hormogoneae sinfinin nümayəndələri, əsasən, Stratonostoc (S. linckia, S. verrucosum), Rivularia (R. planctonica), Spelaeopogon (S. cavarare), Oscillatoria (O. kisselevii, O. animalis, O. formosa, O. caucasica və s.), Phormidium (Ph. valderiae, Ph. papyraceum, Ph. uncinatum, Ph. aestuarii, Ph. putelis), Lingbya (L. intermedia, L. halophina, L. aestuari, L. spiralis və s.) cinslərinə aiddir.

Tədqiqatlar əsasında müəyyən edilmişdir ki, Cənubi Xəzərin göy-yaşıl yosun müxtəlifliyi 2 sinif (Chroococcophyceae və Hormogoniophyceae), 4 sıra (Chroococcales, Tubiellales, Oscillatoriales, Nostocales), 12 fəsilə, 22 cins, 79 növ (93 forma) ilə təmsil olunub. Bunlardan 62 növ (67 forma) Hormogoniophyceae sinfinə, 17 növ (26 forma) Chroococcophyceae sinfinə aiddir.

Dominantlıq təşkil edən Hormogoniophyceae sinfi iki sıra (Oscillatoriales və Nostocales), 6 fəsilə, 16 cins ilə təmsil olunub. Oscillatoria, Lyngbya, Spirulina Phormidium cinsləri ilə ümumilikdə 42 növ, 47 forma ilə təmsil olunan Oscillatoriales sırası daha zəngin növ müxtəlifliyinə malikdir. Chroococcophyceae sinfi 2 sıra (Chroococcales, Tubiellales), 5 fəsilə, 6 cins ilə təmsil olunub. Chroococcales sırasına aid Gloeocapsaceae fəsiləsində 6 növ (8 forma), Merismopediaceae fəsiləsində 4 növ (5 forma), Microsystidaceae fəsiləsində 4 növ (5 forma), Gomphosphaeriaceae fəsiləsində 2 növ (6 forma) müəyyən edilmişdir. Tubiellales sırasına aid
1 növ, 1 cins, 1 fəsilə tapılmışdır. Oscillatoriales sırasında isə Oscillatoriaceae və Schizotrichacea fəsilələrinə aid, əsasən, daşlıq substratlarda və hidrotexniki qurğularda geniş rast gəlinən və geniş yayılmış növlər olan Spirulina tenuissima, S. labyrinthiformis, S. subtilissima, Phormidium ambiguum, Oscillatoria brevis, Lyngbya lutea, Microcoleus tenerimus və s. təyin edilmişdir.