Cins Geranium - Ətirşah print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində yayılan 400 növü var. Azərbaycanın əksər rayonlarında arandan alp qurşağınadək ən müxtəlif bitmə şəraitində, meşə və kolluqlarda, tarlalarda, yol kənarlarında, bağ və bostanlarda, çəmənliklərdə 24 növü yayılıb. Birillik və ya çoxillik bitkilərdir. Yarpağın ayası barmaqvarı bölümlü və ya dilimlidir. Çiçəkləri iki-iki və ya bəzən tək-tək yarpaqların qoltuğunda yerləşir. Çiçəkyanlığı yarpaqları sərbəstdir. Erkəkcikləri 10 ədəd olub, iki dairə üzrə yerləşir, hamısının tozluğu var və çiçəkdə staminodi yoxdur. Dişiciyi 5 meyvə yarpağından təşkil olunmuşdur. Yumurtalıqları 5 yuvalı, ağızcığı 5 bölümlü, bölümləri radial istiqamətdə ortadan kənara uzanan lövhəciklər şəklindədir.

Azərbaycanda ətirşahın daha çox təsadüf olunan növlərindən Şərqi Qafqaz ətirşahı və zərif ətirşah  növlərigöstərilə bilər. Çılpaqgövdəli ətirşah, dağ ətirşahı, Rupterx ətirşahı növləri az yayılan bitkilərdir. Əksər növləri efir yağlı, boya əhəmiyyətli, təbabətdə dərman bitkisi kimi geniş istifadə olunur. Balverən, xüsusən dekorativ bitki kimi qiymətlidirlər. Bu məqsədlərlə ətirşah ta qədimdən dünyanın bir çox ölkələrində geniş becərilir.