Fəsilə: Geraniaceae - Ətirşahçiçəklilər print

Əksər nümayəndələri kosmopolit areala malik olsa da, bir çoxu mülayim və subtropik iqlimli ölkələrdə yayılmışdır. Fəsilənin 5 cins üzrə 750 növü var. Azərbaycanda 3 cinsin növlərinə rast gəlinir. ErodiumGeranium cinslərinin növləri Azərbaycanda geniş yayılıb. Kulturada olan Pelargonium cinsinin növləri isə dekorativ bitki kimi otaqlarda becərilir.

Fəsilənin nümayəndələri birillik, çoxillik otlar, bəzi növləri isə yarımkol bitkilərdir. Yarpaq ayası bölümlü, sadə və ya mürəkkəbdir. Yarpaqları növbəli və ya qarşılıqlı düzülür, yarpaqaltlıqları vardır. Çiçəkləri müntəzəmdir, bəzi növlərində zəif dərəcədə ziqomorfdur. Çiçək 5 üzvlüdür, çiçək üzvləri dairəvi yerləşir, çiçəkyanlığı  ikiqatdır. Erkəkcikləri 10, bəzi növlərdə 5 və ya 15 ədəd olur. Dişicik 5 meyvə yarpağından təşkil olunmuşdur, yumurtalığı üst, sütuncuğu 1-dir. Əksəriyyət növləri həşəratla çarpaz tozlanan bitkilərdir. Meyvəsi qutucuqdur və ya meyvə yetişəndə uzunlaşmış buruncuğu olan meyvəciklərə bölünür. Meyvənin toxumları yetişən zaman onları ətrafa tullandırır.

Fəsilə daxilində becərilən Pelargonium cinsi yabanı cinslərdən həmçinin çiçəyinin müntəzəm olması ilə seçilir. Yabanı cinslər isə meyvəciyin buruncuq hissəsinin forması və erkəkciklərdə tozluqların xüsusiyyəti ilə fərqləndirilir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.