Fəsilə: Leguminosae - Paxlalılar print

Dünyada ən geniş yayılan bitkilərdir. Fəsilə təxminən 650 cins üzrə 18.000 növü əhatə edir. Paxlalılar ot, ağac, kol və ya lian bitkiləridir. Yarpaqları növbəli yerləşir, əksərən lələkvari mürəkkəbdir. Quraq şəraitdə yayılan bir sıra növlərində yarpaqlar tikana çevrilmişdir (dəvətikanında, bəzi quraq yamaclarda yayılan gəvən və xaşa növlərində və s.). Bəzi növlərində (məsələn, sarı kolda - Spartium junceum) yarpaqlar kiçilmişdir, tez tökülür və çubuqşəkilli yaşıl budaqları isə yarpağın vəzifəsini ifa edir.
Çiçəyin quruluşu etibarilə Paxlalılarda xeyli müxtəlifliyə təsadüf olunur. Çiçəkləri qeyri-müntəzəm və ya bəzən müntəzəmdir, əksərən ikicinsli, arabir bircinslidir (Gleditsia). Kasa yarpaqları, adətən 5, bəzən 4 ədəd olub, bitişikdir, bəzi növlərdə isə sərbəstdir. Bəzi növlərdə (Chamaecytisus ruthenicus) kasa 2 dodaqlıdır. Ləçəkləri, adətən, 5, bəzən 4 və ya azdır, sərbəstdir və ya aşağı hissəsində bitişikdir. Əksərən çiçək kəpənəkşəkillidir və ləçəklərin bəziləri bitişikdir. Erkəkcikləri əksərən 10-dur, sapları ilə bitişərək boru əmələ gətirmişdir və ya 9-u bitişmiş, 1-i sərbəstdir. Erkəkciklər çiçəkdə 5 üzvlü dairələr şəklində yerləşir.
Paxlalıların çiçəklərində qeyd olunan müxtəlifliklərə baxmayaraq bəzi əlamətlərə bütün nümayəndələrində təsadüf olunur. Bunlar aşağıdakılardır: dişiciyin bir meyvə yarpağından təşkil olunması, yumurtalığın üst vəziyyətdə yerləşməsi, meyvələrin paxla tipli olması, yarpaq altlıqlarının olması, köklərində azot toplayan bakteriyaların olması.
Paxlalılarda növündən asılı olaraq paxla meyvə çoxtoxumludur, 2 qapaqla açılır və ya meyvə açılmayaraq ayrı-ayrı meyvəciklərə bölünür, bəzi növlərdə isə birtoxumludur.
Paxlalılar Azərbaycanda yabanı və becərilən şəkildə 70 cinsə yığılmış 460 növü əhatə edir. Bunlara arandan başlamış, yüksək dağ qurşağına kimi hər yerdə rast gəlmək mümükündür. Paxlalılar təsərrüfatda istifadə olunan qiymətli bitkilərdir. Bir sıra yem otları (qara yonca, üçyarpaq yonca, xaşa və s.) yeyilən bitkilər (paxla, noxud, lərgə, araxis və s.), dərman bitkiləri (səna, xəşənbül, və s.), texniki bitkilər (biyan, gəvən və s.), paxlalılara aid bitkilərdir. Bunlardan başqa paxlalılar bəzək məqsədilə becərilən (ağ akasiya, safora, sarı kol, ərgəvən güləbrişin və s.) və bal şirəsi verən bitkilərlə də zəngindir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.