Şöbə: Gymnospermae - Çılpaqtoxumlular print

Bu şöbənin bitkiləri gələcək bitkinin rüşeymini xatırladan toxumlar verir. Toxumun əsas orqanları rüşeym şəklində olan kök, gövdə və yarpaqdır. Dünyanın hər yerində rast gəlinən, əsasən, ağac və kollardan ibarət olan çılpaqtoxumluların lian (sarmaşıq) formasına (velviciya) da rast gəlinir. Əksər növlər həmişəyaşıldır, lakin yarpaqtökən növləri (qaraşam – Larix L.) də vardır. Lakin onların toxumları meyvəyarpaq ilə örtülü deyil. Bu səbəbdən də onlar çılpaqtoxumlular adlanır. Onlara ağaclar, kollar, lianalar aiddir və Yer kürəsinin hər yerində rast gəlmək olar. Yerin şimal yarımkürəsində çılpaqtoxumlu bitkilərdən ibarət olan iynəyarpaqlı meşələr mövcuddur. Çılpaqtoxumluların ən tipik nümayəndələri ginkqo biloba (Ginkgo biloba), araukariya (Araucaria), sekvoyyadendron (Sequoiadendron), sekvoyya (Sequoia), taksodium (Taxodium), sərvpəri (Chamaecyparis), tuya (Thuja), tsuqa (Tsuga), şam ağacı (Pinus),  ağşam (Abies), küknar (Picea), qaraşam (Larix), sidr (Cedrus) ağac cinslərinə aiddir. Bunların böyük əksəriyyəti Azərbaycanın müxtəlif park və xiyabanlarında, nəbatat bağlarında introduksiya edilmişdir. Yarpaqları iynəşəkilli, oturaq, pulcuqvari, bəzən lövhəli - lansetvari və s. olur.
Çılpaqtoxumlular üçün haploid və diploid vəziyyətin növbələşməsi xarakterikdir. Onlarda qametofitin ölçüləri kiçikdir. Ardıc, saqo bitkisi, küknar, şam ağacı, qara şam – bunlar sporofit bitkilərdir. Bütün toxumlu bitkilər kimi, çılpaqtoxumlular da müxtəlif sporlu bitkilərdir. Çoxalma orqanları eyni bitki üzərində formalaşan, tərkibində qametofit mövcud olan dişi və erkək qozalardır (strobillər). Toxumun yaranması sporofitlərin inkişafının birinci mərhələsidir. Dişi qozalar meqasporofil adlanan iri pulcuqlardan ibarətdir. Hər pulcuğun daxili səthində tərkibində meqasporlar yerləşən iki meqasporangi mövcuddur. Sonradan meqasporlardan tərkibində iki və ya üç arxeqoni olan çoxhüceyrəli qametofit inkişaf edir. Hər arxeqoni bir böyük yumurtahüceyrə və bir neçə kiçik uzunsov hüceyrədən ibarətdir. Meqasporangi intequmentlə örtülüdür. Meqasporangi ilə intequment birlikdə toxum başlanğıcı adlanır. Hər bir erkək qozanın pulcuğunun daxili səthində (mikrosporofillərdə) tərkibində mikrospor daşıyan iki mikrosporangi mövcuddur. Mikrosporangilərin hər biri haploid tozcuğa çevrilir. Hər tozcuq dənəsi erkək qametofitdir. Meqasporofillər və mikrosporofillər meqa - və mikrostrobillərdə, spordaşıyan yarpaqları olan qısa zoğda yerləşir.
Çılpaqtoxumlular külək vasitəsi ilə tozlanır. Tozcuq dişi qozalara düşəndən sonra toxum başlanğıcına keçir. Hər tozcuq dənəsindən erkəkcik borucuğu və iki toxum nüvəsi inkişaf edir. Erkəkcik borucuğu mikropiledən keçərək yumurtahüceyrəyə daxil olduqdan sonra toxum nüvəsi ilə yumurtahüceyrə nüvəsi qovuşur. Bu proses mayalanma adlanır. Diploid ziqot diploid rüşeymə çevrilir. Vaxt keçdikcə toxum başlanğıcının intequmenti toxum örtüyünə çevrilir və meqasporanginin qalıqlarından endosperm yaranır. Toxum başlanğıcı toxumluğa çevrilir. Yetişmiş toxumlar qozalardan kənara tökülür. Onlar Paleozoyun sonu, Mezozoyun əvvəlində yerüstü həyata daha çox uyğunlaşdıqlarına görə qıjıkimilərin yerini tuta bilib. Bəzi hipotezlərə əsasən, çılpaqtoxumlular qədim qıjıkimilərdən yaranıb.
Çılpaqtoxumlular 4 şöbəyə bölünür: Ginkqokimilər (Ginkgophyta), Qnetokimilər (Gnetophyta), Saqovnikkimilər (Cycadophyta), İynəyarpaqlılar (Pinophyta).
Planetdə 700-ə qədər növü mövcuddur. Azərbaycan florasında 2 sinfə - İynəyarpaqlılar (Pinopsida) və Toxumuörtüklülər (Chlamydospermatopsida), 2 alt sinfə - Qaraçöhrəkimilər (Taxae) və Şamkimilərə (Pinae) aid 4 fəsilədə 15 növ çılpaqtoxumlu aşkar edilmişdir. Qaraçöhrə (Taxaceae) fəsiləsinə aid olan giləmeyvəli qaraçöhrə (Taxus baccata) Böyük və Kiçik Qafqazda, Talışda yuxarı dağ qurşağındakı fıstıq və vələs meşələrinin tərkibində seyrək şəkildə rast gəlinir.
Şamlar fəsiləsinə aid 2 növ müəyyən edilmişdir. Bunlar Kox şamı (Pinus kochiana) və Azərbaycan endemi olan Eldar şamı (Pinus eldarica) ağaclarıdır. Eldar şamı Samux rayonu ərazisindəki “Ellər oyuğu” (indiki Eldar Şamı Dövlət Təbiət Qoruğu) ərazisində yayılmışdır. Kox şamı Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ qurşağının daşlı-qayalı yamaclarında (Kəpəz dağı ərazisi, Tovuz, Gədəbəy, Balakən, Qusar rayonları) yayılmışdır.
Floramızda Sərvkimilər (Cupressaceae) fəsiləsinə aid növlər yeganə cins - Ardıc (Juniperus) cinsi ilə təmsil olunmuşdur. Azərbaycanın sərvkimiləri kazak ardıcı (J. sabina), uzunsov ardıc (J. oblonga), yumurtavari ardıc (J. hemisphaerica), cırtdan ardıc (J. pygmaea), tikanlı ardıc (J. oxycedrus), çoxmeyvəli ardıc (J. polycarpos) və kəskiniyli ardıcından (J. foetidissima) ibarətdir.
Çılpaqtoxumlulardan 4 növ "Azərbaycanın Qırmızı Kitabı"na salınmışdır. Bunlar giləmeyvəli qaraçöhrə, Eldar şamı, Kox şamı və kəskiniyli ardıcdır.

Toxumuörtüklülər (Chlamydospermatopsida) sinfi floramızda Acılıqkimilər (Ephedraceae) fəsiləsinin yeganə Acılıq (Ephedra) cinsinə aid 5 növ ilə təmsil edilmişdir. Onlar səhra və yarımsəhra növləri olub, əsasən, dəniz və çay sahili ərazilərində, qumsal, daşlı-qayalı sahələrdə, quru yamaclarda yayılaraq bəzən geniş formasiya əmələ gətirir. Bunlar boylu acılıq (E. procera), ikisünbülcüklü acılıq (E. distachya), narıncı acılıq (E. aurantiaca), qatırquyruğu acılıq (E.equisetina) və Vedenski acılığıdır (E. vvedenskyi).