Cins: Salix - Söyüd print

Dünyanın mülayim və soyuq iqlimli əksər ölkələrində yayılan 600-dən çox növü vardır. Azərbaycanda yabanı halda 14 növü yayılmışdır. S. babylonica və onun müxtəlif formaları Azərbaycanda kulturada rast gəlir.

Respublikada əksər rayonlarda, arandan subalp qurşağadək əsasən, çay vadilərində, sucaq və rütubətli meşəli dərələrdə yayılmışdır. Kol, uca və ortaboylu ağac bitkiləridir. Yarpaqları qısa saplaqlıdır. Erkəkcik daşıyan çiçəkləri, çiçək altlığı yarpağı və onun qoltuğunda yerləşmiş erkəkciklərdən ibarət olur. Çiçəkaltlığı tamkənarlıdır, tüklərlə örtülüdür. Erkəkcikləri əksərən 2, bəzən 3-5 və ya 12-yə qədər, sapları ilə sərbəst və ya bitişmiş olur. Dişicik daşıyan çiçək də çiçəkaltlığı qoltuğunda yerləşir. Dişiciyin sütuncuğu 1-dir, tam və ya 2 bölümlüdür. Dişicik oturaqdır və ya qısa ayaqcıq üzərində yerləşir, çılpaqdır və ya üzəri tüklərlə örtülüdür. Söyüd növləri, adətən, həşəratla bəzən küləklə tozlanır. Meyvələri 2 qapaqla açılan qutucuqdur. Toxumları uçağan tüklərlə örtülüdür, küləklə yayılır.