Alt-tip: Crustacea - Xərçəngkimilər print

Xərçəngkimilər (Crustacea) alt-tipində 150 min növ təsvir edilmişdir. Bu canlılara bütün su tiplərində rast gəlinir. Onların əksəriyyəti aktiv hərəkətdə olan canlılardır.

Azərbaycan sularında 450-ə qədər növ tapılmışdır. Bu qrupun nümayəndələri dənizlərdə və şirin su hövzələrində - su qatlarında (plankton) və suyun dibində (bentos) yaşayırlar. Xərçəngkimilərin bir sıra növləri (Balanus, dəniz ördəkləri) oturaq həyat tərzi keçirirlər. Onların quruda yaşayan nümayəndələri (Isopoda) və parazit formaları vardır.  Xərçəngkimilərin bir sıra nümayəndələri (Copepoda, bəzi onayaqlılar) xəstəliktörədici parazitlərin aralıq sahibləridir.

Xərçəngkimilər Buğumayaqlılar tipinin digər qruplarından fərqli xarakterik əlamətlərə malikdir.  Onlarda 2 cüt bığcıq olub, ətrafları ikişaxəli quruluşa malikdir və onlar, əsasən, ayaqların xüsusi çıxıntıları olan qəlsəmələrlə tənəffüs edir.

Xərçəngkimilərin bədəni 3 hissədən – baş, döşqarıncıq hissələrindən ibarətdir. Baş və döş buğumları birləşərək ümumi qalxanla örtülü olan baş–döş əmələ gətirir. Baş beş buğumdan, döş ali xərçənglərdə 8, ibtidai xərçənglərdə isə müxtəlif sayda (50-yə qədər) buğumlardan ibarət olur. Xərçəngkimilərin hər buğumunda (bəzi istisnalarla) bir cüt ətraf olur. Lakin ibtidai xərçənglərin qarın buğumlarında ətraflar olmur. Parazit formaların əksəriyyətində isə ətraflar bir qayda olaraq reduksiya etmişdir. Bədən ətraflarının (protopodit) əsası 2 şaxəyə (daxili və xarici) ayrılmışdır. Bu da primitiv əlamət hesab olunur.

Bədənin baş hissəsində (buğumların sayına müvafiq) 5 cüt ətraf olur. Onların birinci cütü antena adlanır. Bu antenalar, adətən, birşaxəli (ali xərçənglərin bəzilərində hətta 3 şaxəli) olur.  İkinci cütü antena başın ön, yuxarı hissəsində, ağız dəliyi səviyyəsində yerləşir. Antenalar, əsasən, hissetmədə rol oynayır. Başda olan digər ətraflar isə üyüdücü çənələrə (bir cüt üst çənə-mandibula və 2 cüt alt çənə-maksila) çevrilmişdir.

Döş  ətraflarının hamısı üzməyə  (hərəkətə) xidmət edən ayaqlardır.  Lakin bəzi nümayəndələ-rində döş ətraflarının birinci 3 cütü çənə ayaqlarına (maksillopodlar) çevrilir. Çənə ayaqları qidanın ovlanması və saxlanması vəzifəsini yerinə yetirir. Döş ətrafları çox zaman 2 şaxəli olur.

Xərçəngkimilərdə qarıncıq müxtəlif nümayəndələrində müxtəlif adlarla adlandırılan törəmələrlə qurtarır. Şaxəbığcıqlı xərçənglərdə bu, kauda (quyruq), kürəkayaqlı xərçənglərdə furka, ali xərçənglərdə isə telson (qurtaracaq) adlanır.

Xərçəngkimilərin bədəni xaricdən xitin mənşəli kutikula ilə örtülü olur ki, bu da onların xarici skeletini əmələ gətirir. İbtidai xərçənglərdə bu örtük yumşaq, ali xərçənglərdə isə sərtdir. Skelet bədəni xarici təsirlərdən qorumaqla yanaşı, bədən əzələləri üçün də dayaq rolunu oynayır. Xərçənglərdə böyümə qabıqdəyişmə ilə müşayiət olunur.

Xərçəngkimilərdə 2 cür göz olur. Bunlardan biri sürfə (naupli) gözü adlanır ki, bu göz quruluşuna görə çox sadə olub, bütün xərçəngkimilərin sürfə mərhələləri üçün xarakterikdir. İbtidai xərçənglərin bəzi qruplarında (məs., kürəkayaqlı xərçənglər) naupli gözü yetkin mərhələlərin əsas gözü kimi də fəaliyyətdə olur.

                                                                          Xərçəngkimilərin Azərbaycanda yayılmış əsas növləri 

Dəstələr

Növlər

Ayağıqəlsəməli xərçənglər (Anostraca)

Artemia salina,Branchinectella media, Branchinecta ferox, Chirocephalus skorikovi (endem), Ch.weisigi (endem)

Yarpaqayaqlı xərçənglər  (Phyllopoda)

Şirin su hövzələrində 134, Xəzər dənizində 57 növ.

 

Şirin sularda: Triops cancriformis,T.cancriformis transcaucasicus,Diaphanosoma brachyurum,D.b.leuchtenbergianum,D.sarsi,Daphnia magna,D.pulex,D.longispina hyalina,Simocephalus vetulus,S.elizabethae,Moina macrocopa,M.brachiata.

Xəzər dənizində: Polyphemus exiguus,Cercopagis longiventris,C.prolongata,C.anonix,Apagis cylindrata,A.beklemishevi, Evadne anonyx typica,E.a.prolongata,Podonoevadne trigona typica.

Kürəkayaqlı xərçənglər (Copepoda)

Xəzər dənizində 41, şirin sularda 60 növ.

Şirin sularda: Calanipeda aquae-dulcis, Sinodiaptomus sarsi, Hemidiaptomus rylovi, Arctodiaptomus acutilobatus, Macrocyclops fuscus, M.albidus, Eucyclops serrulatus, Cyclops strenuus, C.vicinus, Microcyclops grasilis, Thermocyclops dybowskii.

Xəzər dənizində: Eurytemora grimmi, E.minor (endem), Heterocope caspia, Halicyclops sarsi, Mesochra lilljeborgi, Limnocalanus grimaldii.

Quyruqqəlsəməli xərçənglər (Branchiura)

Argulus coregoni,A.follaceus.

Bığayaqlı xərçənglər(Cirripedia)

Balanus improvisus, B.eburneus.

Çanaqlı xərçənglər (Ostracoda)

Daxili su hövzələrində 19, Xəzər dənizində  88 növ.

Daxili su hövzələrində: Eucypris lutaria, Ilyocypris gibba, Cypris bispinosa, C.pubera, Herpetocypris reptans, Cyclocypris ovum, Physocypria kraepelini, Herpetocypris reptans, Candona candida, Ilycypris lacustris, I.biplicata, I.divisa.

Xəzər dənizində: Cytherissa inormis, Leptocythere bacuana , L.mathra, L.bacuana longa, L.bosqueta artemica, L.laevis, L.minuta , L.laetifica.

Mizid xərçəngləri(Mysidacea)

Xəzər dənizində  20 növ. Onlardan 13 növ Xəzər endemidir.

Limnomysis benedeni, Katamysis warpachowskyi, Paramysis ullskyi, P.intermedia, P.lacustris, P.baeri, P.lexolepis, P.grimmi, P.kessleri, Mysis caspia, Diamysis pusilla, Mysis microphthalma, M.macrolepis, M.amblyops Sars

Şirin sularda mizidlərinn 2 növü (Limnomysis benedeniParamysis lacustris) yayılmışdır.

Kum xərçəngləri(Cumacea)

Xəzər dənizində 18 növ.

Endem növlər:Schizozhynchus bilamellatus, Sch.knipowitchi, Pterocuma grandis, Stenocuma diastyloides, St.grasilis, Hircanocuma sarsi.

Carinocuma birsteini, Volgocuma telmatophora, Pseudocuma cercaroides, P.laevis, Caspiocuma campylaspoides.

Bərabərayaqlı xərçənglər (Isopoda)

Xəzər dənizində 2 növ.

Endem növlər: Saduria entomon caspia, Jaera sarsi caspica.

Şirin sularında bir növ - Asellus aquaticus - yayılmışdır.

Quruda yaşayan bərabərayaqlı xərçənglər: Porcellio pruinosus, Protracheoniscus orientalis, Armadillidium vulgare, Hemilepistus klugii, H.ruderalis, Desertillia elongatus, Cylisticus murovdaghiensis.

Yanüzən xərçənglər(Amphipoda)

Xəzər dənizində 74, daxili su hövzələrində 32 növ.

Xəzər dənizində: Amathillina cristata, A.spinosa, A.pusilla, A.maximovitschi, A.affinis, Dikerogammarus haemobaphes, D.caspius, D.oscari, Niphargoides (Pontogammarus) maeoticus, N.(P.)robustoides, N.(P.)paradoxus, Niphargoides compactus, N.caspius, N.grimmi, N.compressus (Sars), Niphargus caspius.

Daxili sularda: Gammarus matienus, G.balkanicus alarodius, G.lacustris, G.komareki araxenus, G.balcanicus talyschensis, Pontogammarus aralensis setosus,  P.sarsi, P.robustoides, Niphargus galenae, N.kurdus, Lyurella hyrcana.

Onayaqlı xərçənglər(Decapoda)

Xəzərdə 6 növ,  daxili sularda 5 növ.

Palaemon elegans, P.adspersus, Pontastacus (Astacus) leptodactylus leptodactylus, P.(A) eichwaldi, Caspiastacus pachypus.

Daxili su hövzələrində: A.pilzowii, A.leptodactylus, Potamon magnum, P.albanicum, P.ibericum.

Xərçəngkimilərdə gözün ikinci tipi buğumayaqlıların əksəriyyəti üçün (heliserlilər istisna olmaqla) xarakterik olan mürəkkəb və ya fasetli gözdür. Fasetli göz sadə göz yığımından (hər bir fasetli gözdə 3000-ə qədər sadə göz ola bilər) ibarətdir.  Xərçəngkimilərin çox az qismində (Branchiopoda sinfi) eyni fərddə gözün hər iki tipinə rast gəlinir. Bununla belə, kürəkayaqlı xərçənglər üçün naupli gözü (xüsusilə, sikloplarda), onayaqlı xərçənglər üçün isə fasetli göz xarakterikdir.