Sinif: Ascidiacea - Assidilər print

Assidilər (Ascidiacea) sinfi bir neçə dəstədən, 100 cinsdən ibarət 2000 növü əhatə edir. Bu sinfin nümayəndələri bütün dənizlərdə yayılmışdır. Assidilərin yetkin fərdləri hər hansı bir səthə yapışaraq hərəkətsiz həyat sürdüyü halda, sürfələri suda sərbəst üzürlər. Bir neçə gün sərbəst üzdükdən sonra münasib bir qayanın səthinə çökərək süstləşirlər. Bəzi assidilər tək-tək, bəziləri isə koloniya şəraitində yaşayır.

Ölçüləri 0.1 mm – 30 sm intervalında olan assidilərin bədənləri kutikulyar əmələgəlmədən ibarət qalın qat (tunika və ya mantiya) ilə örtülü olur. Mantiya ifrazından yaranmış bu qat onun bədənini əhatə edir.Udlaq çoxsaylı qəlsəmə dəliklərindən (stiqmalar) ibarət olub atrial boşluğa, oradan isə sifon vasitəsilə xarici mühitə açılır. Cinsi axarlar və arxa bağırsaqlar da öz növbəsində atrial boşluqla birləşir.

Assidilər xordalı canlılardır. Onların inkişafının  müxtəlif mərhələrində oxşar orqanları – bel hissədə sütun dayağı (xorda) olur. Onun əsasında onurğalı heyvanlarda onurğa sütunu yaranır. Xorda güçlü vakuollaşmış hüceyrələrdən formalaşır. Lakin assidilərdə xorda əlaməti yalnız sürfə fazasında müşahidə edilir.

Assidilərdə sürfə fazasında beyin rüşeymi mövcuddur. Lakin yetkin fərd fazasında bu başlanğız tamamilə itir, onu sinir düyünü olan qanqli əvəz edir. Qanqli regenerasiya xüsusiyyətinə malikdir. Assidi sürfələrində xorda da mövcuddur.

Assidilər hermofrodit (avtoqamiya) canlılardır. Assidilər xüsusi dəlikdən suyu xüsusi boşluğa sormaqla onun tərkibindəki qidanı filtrasiya edir. Bəzi assidilərin qanında vanadium vardır. Yaponiyada assidilər xüsusi plantasiyalarda süni çoxaldılır, yandırılaraq onlardan vanadium əldə edilir.