Sinif: Thaliacea - Salplar print

Bu sinifə aid növlər sərbəst üzən dəniz canlıları olub okean sularının səthindən bir neçə yüz metrdərinliklərə qədər yaşayırlar. Onlar bəzən çox böyük koloniyalar əmələ gətirir. Salpların 30-a qədər növü məlumdur. Simbiotik bakteriyalar hesabına işıq saça bilirlər. Salplar fitoplanktonlarla qidalanır. Bəzi balıqların, dəniz tısbağalarının yemini təşkil edir.

Salpların bədənləri silindrik formada olub şəffaf tunika ilə örtülmüşdür. Onların uzunluğu 33 sm-ə çatır. Bədənin əks tərəfində sifon dəlikləri (udlağa aparan ağız və kloaka) yerləşir. Ürək qarın tərəfdə yerləşir. Qan-damar sistemi açıq tiplidir.Sinir sistemi qanqli və ondan şaxələnən sinirlərdən ibarətdir. Onun üst tərəfində işığahəssas orqan (göz) yerləşir. Həyat sikli ikicinsli və bircinsli nəsllərin əvəz olunması ilə gedir. Hermofroditar cinsi fərdin bədənində olan yeganə yumurtadan (blastozooida) bircinsli nəsl (oozoid) inkişaf edir. İnkişafın sonunda oozoid ana fərdi tərk edir və xüsusi şişdə (stolon) yeni blastozooidlərin tumurcuqlamasına başlayır. Blastozzodlar zənciri stolondan ayrılaraq bir neçə yüz fərddən ibarət koloniya şəklində yaşayır.