Tip: Platyhelminthes print

25.000-ə qədər növü olan bu tipə uzunsov, bilateral-simmetrik bədən formasına malik suda, torpaqda, insan, heyvan və bitki orqanizmlərində yaşayan orqanizmlər aiddir.

Yastı qurdların uzunluğu onların növündən asılı olaraq 0.5 mm-dən 30 m-ə kimi dəyişir. Bəzi yastı qurdların bədən səthi kirpikciklərlə və ya qamçılarla örtülü olur. Digərlərində isə nüvələr və sitoplazma bədənin dərinliklərinə çökərək tequment adlanan epitelini yaradır. Örtük toxuması qoruyucu epiteli və onun altında yerləşən dəri əzələsi dəri-əzələ kisədən ibarətdir. Daxili orqanlar arasındakı hissələri parenxima toxuması doldurur. Bəzi yastı qurdlarda həzm sistemi ağız dəliyi, udlaq, qida borusu və bağırsaqdan ibarətdir. Bəzilərində isə, əsasən, lentşəkilli qurdlarda həzm sistemi ümumiyyətlə yoxdur. Yastı qurdların əksəriyyəti hermafroditdir.

Yastı qurdlar ağız dəliyi olan ilk heyvanlar hesab olunur. Onlarda skelet, qan-damar və tənəffüs sistemi yoxdur. Bu tipə aid qurdların arasında parazitlik geniş yayılıb. Onların arasında sərbəstyaşayan həyat tərzindən tədricən parazit həyat tərzinə keçən bəzi yastı qurdlar qrupu müşahidə olunur. Bu, sərbəstyaşayanların aktiv işləyən orqanlarının fəaliyyətdən qalıb kiçilməsi, öz vəzifəsini itirməsi ilə əlaqədardır. Onların bir qismində lokomotor və sensor orqanlar inaktivləşib və atrofiyalaşıb. Parazitlər qidanı bütün bədən səthi ilə mənimsədiklərinə görə alimentar trakt onlarda reqressiyaya uğrayıb. Lentvarı qurdlarda (Cestodlar sinifi) həzm sistemi yoxdur.

İnsan və ya heyvan bağırsaqlarında yaşadıqlarına görə mühitlərində oksigenin miqdarı məhdud olur. Buna görə də bir çox yastı qurdlarda anaerob tipli tənəffüs inkişaf etmişdir. Bu tipin nümayəndələrinin sinir sistemi bağırsaqboşluqlularla müqayisədə mürəkkəbdir. Lentvarı qurdların sinir sistemi baş nahiyəsində bir cüt sinir düyünü və ya udlaqətrafı sinir halqasından və onlardan bütün bədən boyu uzanan sinir sütunlarından ibarətdir.

Parazitlərin həyat tərzi və qida bolluğu onların sürətli nəsil artımına imkan verir. Yastı qurdların inkişafı natamam metamorfozla keçir. Sürfələr ehtiyat qida (qlikogen) hesabına qidalanır. Bəzi növlərdə 1 mln-a yaxın sürfədən yalnız bir neçəsi inkişaf edib yetkin fərd həddinə çatır. Buna görə də onlar üçün sürətli nəsilartırma qabiliyyəti zəruridir.

Bu tip 4 sinfə bölünür:

  • Sinif: Turbellaria - Kirpikli qurdlar və ya Turbellarilər
  • Sinif: Trematoda - Digenetik sorucular və ya Trematodlar
  • Sinif: Cestoda - Lentşəkilli qurdlar
  • Sinif: Monogenea - Monogeneylər