Sinif: Amphibia - Suda-quruda yaşayanlar və ya Amfibilər print

Suda-quruda yaşayanlar (Amphibia) sinfinə 3 dəstəyə, 73 fəsiləyə aid 7333 növ daxildir (American Museum of Natural History, 2014). Bu canlılar su heyvanları ilə quru heyvanları arasında aralıq mövqe tutur. Onlar bütün ömürlərini və ya sürfəlik dövrünü mütləq suda keçirir, ya su hövzələrində, ya da su hövzəsinə yaxın nəm torpaqlarda, bəzən ağaclarda yaşayır. Mağara növləri də vardır (Arthroleptis troglodytes).

Bədənlərinin uzunluğu 2-3 sm-dən (cırtdan qurbağa – Hymenochirus boettgeri), 1.8 m-ə qədər (Qoliaf qurbağa - Conraua goliath) olur. Hündürlükdən atılaraq süzən növləri də vardır (Rhacophorus nigropalmat) 

İlk səs onlarda yaranıb. Quru heyvanları ilə müqayisədə daxili orqanları və bu orqanların fəaliyyəti daha primitivdir. Bədən səthi seliklə örtülmüş dəri ilə əhatə olunub. Əksər qurbağaların bədənlərində seroz vəziləri vardır ki, onların sekretləri bəzən toksiki olur.

Skelet boyun və büzdüm şöbələrinə bölünür. Kəllə sümüyündə pəncəüzgəclilər üçün xarakterik əlamət olan qığırdaq qalıqları vardır. Döş sümüyü və qabırğaları yoxdur, beş barmaqlı ön və arxa pəncələri vardır. Əzələ sistemi yaxşı inkişaf etmiş spesifik hərəkətlər edən əzələlərdən ibarətdir.

Həzm sistemi ağız boşluğu, udlaq, qida borusu, mədə - bağırsaq və kloakadan (ifrazat borusundan) ibarətdir. Dil yaxşı inkişaf etmişdir. Qaraciyər, mədəaltı vəzi, tüpürcək vəziləri vardır. Yetkin fərdlər yuvacıqlı quruluşa malik ağciyər kisəcikləri ilə, sürfələr isə qəlsəmələr vasitəsilə tənəffüs edir. Tənəffüs sistemi tam inkişaf etməyib. Qaz mübadiləsində dəri də iştirak edir. Qan-damar sistemi üç kameralı ürəkdən, iki qulaqcıq və bir mədəcikdən, arteriya, vena və kapilyarlardan ibarətdir. İki qan dövranının olmasına baxmayaraq arterial və venoz qan qarışır. İfrazat sistemi bir cüt primitiv böyrək, iki sidik axarı, sidik kisəsi və kloakadan ibarətdir. Sinir sisteminə baş beyin, inkişaf etmiş uzunsov beyin aiddir. Hissiyyat orqanları yaxşı inkişaf etmişdir. Gözdə büllur və qabarıq buynuzlu qişa vardır. Onların iybilmə qabiliyyəti inkişaf etmişdir. Orta qulaqda eşitmə sümüyü vardır. Endokrin sistemə bir neçə daxili sekresiya vəzisi aiddir. Onlar da suda-quruda yaşayanların rəngini, metamorfozunu və s. funksiyaları təmin edir.

Suda-quruda yaşayanlar ayrıcinsli heyvanlardır. Erkəklərdə bir cüt toxumluq kisəsi, dişilərdə isə bir cüt yumurtalıq vardır. Quyruqlu amfibilərin əksəriyyətində və ayaqsızlarda mayalanma daxilidir. İnkişaf metamorfozla keçir. Sürfələri yetkin fərddən kəskin fərqlənir (xüsusən, quyruqsuz amfibilərin çömçəquyruqları). Bəzi amfibilərə neoteniya xasdır. Lakin, bəzi kürüsünü quruda tökən amfibilərdə inkişaf metamorfozla deyil birbaşa olur. Yumurta-diridoğma və diridoğma (salamandralar) rast gəlinir. Onlar 300 mln. il əvvəl Devonda əmələ gələrək ilk quru heyvanları hesab olunur. Azərbaycanda amfibilərin 11 növü təsvir edilib.

Azərbaycanın suda-quruda yaşayanlarının taksonomik strukturu (11 növ)

Dəstə

Fəsilə

Cins

Növ

Anura (quyruqsuzlar)

Pelobatidae

(sarımsaqiyli qurbağalar)

Pelobates

(sarımsaqiyli)

P.  syriacus (Suriya sarımsaqiylisi)

Pelodytidae (xaçlıcalar)

Pelodytes

(xaçlıca)

P. caucasicus (Qafqaz xaçlıcası)

Bufonidae

(quru qurbağaları)

Pseudepidalea

(yaşıl quruqurbağası)

P.  variabilis (yaşıl quru qurbağası)

Bufo (boz quruqurbağası)

B.  verrucosissimus (Qafqaz quru qurbağası),

B.  eichwaldi (talış quru qurbağası)

Hylidae

(ağac qurbağaları)

Hyla

(ağac qurbağası)

H. orientalis (Şərqi ağac qurbağası), H. savignyi (Kiçik asiya ağac qurbağası)

Ranidae

(əsl qurbağalar)

Pelophylax

(yaşıl qurbağa)

P. ridibundus (göl qurbağası)

Rana

(qonur qurbağa)

Rana macrocnemus

(Kiçik Asiya qurbağası)

Caudata

(quyruqlular)

Salamandridae (salamandralar)

Lissotriton

(kiçik triton)

Lissotriton vulgaris (adi triton)

Triturus

(İri triton)

Triturus karelinii (Karelin tritonu)