Sinif: Aves - Quşlar print

Quşlar həm uçma, həm də yerdə gəzmə qabiliyyətinə malik onurğalı heyvanlardır. Dünyada 40 dəstə, 237 fəsilə, 2278 cinsə aid 10 546 quş növü, 20 833 alt növü məlumdur (www.worldbirdnames.org). Onlara Yer kürəsinin müxtəlif yerlərində rast gəlmək olar. Küləklərin sürəti 180 km/saat, havanın temperaturu qış aylarında -70 0C-yə qədər enən Antarktida və ətraf adalarda 32 növ quş yuvalayır.
Quşların bir cüt aşağı ətrafı vardır. Yuxarı ətrafları isə qanada çevrilmişdir. Yuxarı ətrafları 3 rudiment barmaqdan ibarətdir. Gövdə yığcam olub, qanad əzələlərinin birləşdiyi döş sümüyündən ibarətdir. Kəllə və skelet sümükləri boş olub hava ilə doludur. Sümüklü quyruq çox kiçikdir.

Quşların anatomiyası

Skelet döş qəfəsi nahiyəsində yaxşı inkişaf edib. Kəllə sümükləri birləşib. Döş fəqərəsinə qabırğalar birləşir. Onların digər uçları döş sümüyünə bitişir. Uçan quşlarda döş sümüyündə döş tili olur. Quşlarda oma mürəkkəb olub, çanaq vasitəsilə arxa ətrafa istinad verir. Quyruq reduksiyaya uğramış, uc fəqərələri qarışıb büzdüm sümüyü əmələ gətirir. Boyun fəqərələri çoxhərəkətlidir. Bel, büzdüm və quyruq fəqərələrinin bir qismi bitişmişdir. Bədən örtüyü nazik dəridən ibarətdir. Quşların dərisi nazik və ikitəbəqəlidir. Dəridə büzdüm vəzisindən əlavə vəzi yoxdur. Bu vəzi quyruq nahiyəsində yerləşir və quşların lələklərini yağlayır. Lələk örtüyü çalma, sükan və ürtücü lələklərdən və pərqudan ibarətdir. Quşlarda düz bağırsaq yoxdur. Quşların bədəni dəri törəmələri olan lələklərlə, ayaqlar buynuz pulcuqlarla örtülüdür. Barmaqların ucunda dəri törəməsi olan caynaqlar vardır.

Quşların skeleti

Əzələ sistemi döş, boyun və ətraflarda daha yaxşı inkişaf edib. Dişləri yoxdur. Qəbul edilmiş qida çinədanda yumşaldılır. Quşlar iri ikipaylı qaraciyər və yaxşı inkişaf etmiş öd kisəsinə malikdir.
Onların tənəffüs sistemi süngər şəklində olan sıx quruluşa malik ağciyərlərdən və orqanların arasında, sümük boşluqlarında, dərinin altında, əzələlərdə yerləşən nazik divarlı hava qovuqcuqlarından ibarətdir. Qanadlar qalxanda hava ağciyərlərdən keçir. Bu isə daha intensiv qaz mübadiləsinə imkan yaradır.

Quşların hava kisəcikləri

Qan-damar sistemi arakəsmə ilə venoz və arterial hissələrə bölünmüş ürəkdən və iki tam müstəqil qan dövranından ibarətdir.  Arterial və venoz qan bir-biri ilə qarışmır. Bədən temperaturu sabitdir (42 - 45 0C).
İfrazat sistemi kloakaya açılan bir cüt böyrəkdən, iki sidik axarından ibarətdir. Sidik kisəsi yoxdur. Sidik nəcis ilə birgə kloaka vasitəsilə xaric olunur. Bu, çox güman ki, təkamül prosesində formalaşmışdır. Çünki sidiyin orqanizmdə toplanması onun çəkisini artıraraq uçuş prosesinə mane olardı. Quşların səs aparatı traxeyanın aşağı hissəsində yerləşir 2 bronxa bölünür. Kənar hissədə bir neçə cüt səs əzələsi yerləşir. Oxuyan quşlarda aşağı qırtlaq daha çox inkişaf etmiş və 5 cüt əzələdən ibarətdir. Quşların sinir sistemi nisbətən böyük yarımkürələr, görmə nahiyəsi, inkişaf etmiş beyincik və 12 cüt kəllə-beyin sinirindən ibarətdir.
Quşlar ayrıcinsli heyvanlar olub, nəzərə çarpan cinsi dimorfizmə malikdir. Sənayedə, xüsusən qida sənayesində quşlar böyük əhəmiyyət kəsb edir.  Mütəxəssislərin fikrincə, quşların əcdadı qədim sürünənlər olub. Belə hesab edilir ki, quşlar və sürünənlər arasında aralıq forma arxeopteriksdir.

Arxeopteriks

Son tədqiqatlar əsasında, Azərbaycan ornitofaunasında quşların 18 dəstə, 58 fəsilə, 187 cinsə aid 394 növ müəyyən edilmişdir. Onların 33%-i (122 növ) monotipik (alt növü olmayan), 201 növü 1 alt növ ilə, 31 növü 2 alt növ ilə, 9 növü isə 3 alt növlə təmsil olunur. Adi sığırçın (Sturnus vulgaris) 4, qamışlıq vələmirquşu (Emberiza shoeniclus) isə 7 alt növ ilə təmsil olunur. Azərbaycan faunasına daxil olan 243 növ politipik quşların 302 alt növdən, politipik quşlarla birlikdə olan növ müxtəlifliyinin isə 424 növ və altnövdən ibarət olduğu müəyyən edilmişdir. Dəstələr içərisində ən zəngini sərçəkimilər (146 növ), cüllütkimilər (64 növ), qazkimilər (31 növ) və göycəqarğakimilər (29 növ) dəstələridir.

Azərbaycanın quşlar sinfinin taksonomik strukturu (424 növ və alt-növ)

Dəstə

Növ

Anseriformes (Qazkimilər)

Anser erythropus (ağqaş qaz), Aythya nyroca (ağgöz qaraördək), Branta ruficollis (qırmızıdöş kazarka), Cygnus olor (fısıldayan qulələk), C.bewickii (kiçik q.), Anas marmaronetta (mərməri ördək), Melanitta fusca (qılquyruq ö.), Oxyura leucocephala (adi göydimdik) və s.

Apodiformes (Uzunqanadlılar)

Apus apus (qara uzunqanad), A.melba (ağqarın u.)

Caprimulgiformes (Keçisağankimilər)

Caprimulgus europaeus (adi keçisağan)

Charadriiformes (Cüllütkimilər)

Burchinus oedicnemus (çobanaldadan), Charadrius leschenaultii (böyükdimdik bozca), Chettusia gregaria (çığırqan çökükburun), Chettusia leucura (çökükburun ağquyruq), Glareola nordmanni (bozqır haçaquyruq), Larus canis (boz qağayı), L.melanocephalus (qarabaş q.), Numenius tenuirostris (kiçik əyridimdik), Recurvirostra avosetta (adi bizdimdik), Tringa glareola (boz cüllüt) və s.

Ciconiformes

(Leyləkkimilər)

Ardea puprpurea (kürən vağ), A.cinerea (boz v.), Ardeola ralloides (sarı vağ), Bubulcus ibis (misir vağı), Botaurus stellaris (iri danquşu), Ciconia ciconia (ağ leylək), C.nigra (qara leylək), Egretta garzetta (kiçik ağvağ), Nicticorax nicticorax (adi qarıldaq), Platalea leucorodia (adi ərsindimdik) , Plegadis falcinellus (avropa qaranazı) və s.

Columbiformes (Göyərçinkimilər)

Columba livia (çöl göyərçini), Pterocles orientalis (qaraqarın bağrıqara), Streptopelia turtur (adi qumru) və s.

Coraciiformes r (Göycəqarğakimilər)

Coracias garrulus (adi göycəqarğa), Alcedo atthis (adi balıqcıl), Halcyon smyrnensis (qırmızıdimdik balıqcıl), Merops apiaster (qızılı qızlarquşu), M.supercilliosus (yaşıl q.), Upupa epops (hop-hop).

Cuculiformes (Ququkimilər)

Cuculus canorus (adi quququşu)

Falconiformes

(Qızılquşkimilər)

Aegypius monachus (keçəl qarakərkəs), Aquila nipalensis (bozqır qartalı), A.clanga (böyük q.), A.heliaca (məzar q.), A.chrysaetos (berkut q.), Accipiter gentilis (iri qırğı), A.brevipes (səsyamsılayan q.), A.badius (türküstan q.), Buteo rufinus (bozqır sarı), Circaetus gallicus (ilanyeyən), Circus macrourus (çöl belibağlısı), Falco peregrinus (adi şahin), F.biarmicus (kürənbaş qızılquş), F.cherrug (ütəlgi q.), F.columbaris (ördəkburun q.), F.naumanni (bozqırmuymulu q.), F.subbuteo (qaragöz q.), F.vespertinus (gərgincək), Gypaetus barbatus (saqqallı quzugötürən), Gyps fulvus (ağbaş kərkəs), Haliaeetus albicus (ağquyruq sahilqartalı), Hieraaetus pennatus (cırtdan qartalça), Milvus migrans (qara çalağan), M.milvus (qırmızı çalağan), Neopron percnopterus (leşcil qartal), Pandion haliaetus (balıqçıl qaraquş), Pernis apivorus (adi arıyeyən) və s.

Galliformes

(Toyuqkimilər)

Alectoris chukar (kəklik), Ammoperdix griseogularis (səhra balakəkliyi), Coturnix coturnix (adi bildirçin), Francolinus francolinus (turac), Lyrurus mlokosiewiczi (qafqaz tetrası), Phasianus colchicus (qırqovul), Perdix perdix (boz kəklik), Tetraogallus caspius (xəzər uları), T. caucasicus (qafqaz uları) və s.

Gaviiformes (Qaqarkimilər)

Gavia stellata (qırmızıdöş qaqar), G. arctica (qaradöş qaqar).

Gruiformes (Durnakimilər)

Anthropoides virgo (qəşəng durna), Grus grus (boz d.), G.leucogeranus (ağ d.), Chlamydotis undulata (gözəl baladoydaq), Crex crex (adi çivdimdik), Fulica atra (qaşqaldaq), Otis tarda (adi dovdaq), Otis tetrax (adi bəzgək) , Porphyrio porphyrio (soltanquş),  Rallus aquaticus (su fərəsi) və s.

Passeriformes (Sərçəkimilər)

Anthus campestris (tarla antı), Bucanetes mongolicus (monqol hörücüsü), Calandrella rutescens (boz t.), Corax corax (quzğun), Corvus monedula (adi dolaşa), C. cornix (boz qarğa), Delichon urbica (şəhər q.),  Emberiza calandra (tarla vələmirquşu), E.buchanani (qayalıq vələmirquşu), Hirundo rustica (kənd q.), Irania gutturalis (ağboyun bülbül), Lanius cristatus (adi alacöhrə), Melanocorypha yeltoniensis (qara torağay), M.bimaculata (ikixallı torağay), Motacilla flava (sarı çaydaçapan), Oenanthe xanthoprymna (qızılquyruq çaxraqcıl), Oriolus oriolus (adi sarıköynək), Parus cristatus (kəkilli arıquşu), Passer domesticus (dam sərçəsi), Regulus regulus (sarıbaş çalıquşu), Rhodopechys githagineus (səhra qarquşu), Rh.sanguinea (qırmızıqanad mərciməkquşu), Riparia riparia (sahil qaranquşu), Sitta europaea (avropa sittası), S.tephronota (qayalıq sittası), Sturnus vulgaris (adi sığırçın), Turdus viscivorus (çil qaratpyuq) və s.

Pelecaniformes (Qutankimilər)

Pelecanus onocrotalus (çəhrayi qutan), P. crispus (qıvrımlələk qutan), Phalacracorax carbo (iri qarabatdaq), P. Pygmeus (kiçik qarabatdaq)

Phoenicopteriformes

(Flaminqokimilər)

Phoneicopterus ruber (adi flaminqo və ya qızılqaz)

Podicipediformes (Maygülükimilər)

Podiceps ruficollis (kiçik maygülü), P.cristatus (iri m.), P.auritus (qırmızıboyun m.), P.nigricollis (qaraboyun m.), P. Grisigena (bozyanaq m.)

Piciformes (Ağacdələnkimilər)

Jynx torquilla (buruqboyun), Picus viridis (yaşıl ağacdələn), P.canus (çalbaş a.), Dendrocopos major (iri ağacdələn), Dryocopus martius (qara ağacdələn)

Strigiformes (Bayquşlar)

Bubo bubo (yapalaq), asio otus (qulaqlı bayquş), dam bayquşu (Athene noctua) və s.

"Azərbaycanın Qırmızı Kitabı"na daxil edilmiş növlərin adları qırmızı şriftlə qeyd edilmişdir.

Quşların təbiətdə və insan həyatında rolu

Quşlar böyük miqdarda bitki və heyvanlarla qidalanmaqla canlı təbiətə önəmli təsir edir. Onlar həşəratların və kiçik gəmiricilərin say tənzimləyiciləri olmaqla bərabər, özləri də digər canlıların qida rasionuna daxildir. Toxumların böyük məsafələrə yayılmasında, təbii stratifikasiyasında (sürətli cücərməyə hazırlıq) və tozlanmasında quşların rolu çox böyükdür. Bir çox quşlar (toyuq, qaz, ördək, straus, hinduşka və s.) insan tərəfindən əhliləşdirilib.
Bütün həşəratyeyən quşlar faydalı hesab edilir. Gəmiricilərlə qidalanan quşların insan həyatında əhəmiyyətiböyükdür. Quşlar təbii və mədəni dekorativ bitkilərin ziyanvericilərini məhv edir, tarla, bostan və bağların təbii mühafizəçiləri sayılır. Leşyeyən quşlar təbiət sanitarları hesab edilir. Quş peyini azot və fosfor duzları ilə zəngin olan qiymətli təbii gübrədir.
Quşlar həm də çox böyük estetik əhəmiyyətə malikdir. Onlar öz şən, gözəl, gümrah görkəmləri ilə, təbiəti canlandırmaqla çox yüksək rekreasiya əhəmiyyəti daşıyır. Digər tərəfdən, quşlar vasitəsilə insan psittokokkoz, quş qripi və s. xəstəliklərə yoluxur. Balıqla qidalanan quşlar sürfələri balıqlarda parazitlik edən bir çox helmintlərin definitiv (sonuncu) sahibləridir. Dənyryən quşlar bəzən əkinlərə böyük ziyan vurur. Bəzi yırtıcı quşlar (qırğılar, belibağlılar) ovçuluq təsərrüfatlarına ziyan vurur, sənaye quşlarını məhv edir.