Cins: Ajuga - Sığırdilli və ya dircək print

Dünyanın mülayim iqlimli bütün ölkələrində, xüsusən Avrasiyada yayılan 40 növü var. Azərbaycanda əksər rayonlarda, arandan yuxarı dağ (bəzən subalp) qurşağınadək quraq yamaclarda, meşə və kolluqlarda, çay vadilərində, bağ və əkinlərdə geniş yayılan 6 növü məlumdur. Yalnız 1 növə (A.chamaecistus) Naxçıvanda seyrək halda rast gəlinir. Çoxillik ot, bəzən yarımkolcuqşəkilli, adətən tükcüklərlə örtülü, alçaq boylu bitkilərdir. Çiçəkləri 2 və çox sayda olmaqla yarpaqların qoltuğunda yerləşir. Kasacıq zəngşəkillidir. Tacı 2 dodaqlı, üst dodağı xırda, 2 bölümlü, alt dodağı 3 bölümlü, onun orta payı iridir. Erkəkcikləri 4, meyvəsi üzəri qırışıqlı fındıqça tiplidir. Növləri tacın və yarpağın əlamətləri ilə fərqləndirilir.