Cins: Lallemantia - Lallemansiya print

Kiçik Asiya, İran, Əfqanıstan və Himalay dağlarında yayılan 5 növü var. Əksər növləri İran-Turan coğrafi elementi olan bu cinsin Azərbaycanda 4 növünə Naxçıvan, Diabar və Kiçik Qafqazın cənubunda, aşağı və orta dağ qurşağında, bəzən aranda (Naxçıvan, Culfa) quraq daşlı-qayalı yerlərdə, kolluqlarda, az hallarda bağ və əkinlərdə rast gəlinir. Bir, iki və çoxillik ot bitkiləridir. Çiçəkləri sünbülşəkilli çiçək qrupuna yığılır, çiçəkaltlığı vardır. Kasacığı boruşəkilli, tacı bənövşəyi, mavi-bənövşəyi, göy rəngli, bəzən sarımtıl-ağdır. Erkəkcikləri 4 ədəddir. Meyvəsi uzunsov, üçtilli, qara və ya tünd qəhvəyi fındıqcadır. Balverən və texniki (yağlı) bitkilərdir.