Cins: Pyrus - Armud print

Avroasiyada 60-a yaxın növü var. Amerikada yabanı armud növlərinə təsadüf olunmur. Müasir Azərbaycan florasında yabanı halda 12, kulturada isə 2 növünün yayılması qeyd olunur. Azərbaycanda yuxarı dağ qurşağınadək quraq ərazilərdə, meşələrdə, bəzən qayalarda bitir. Əksər növləri nadirdir, lakin geniş areala malik növləri də vardır (Qafqaz armudu, söyüdyarpaq armud və b.). Söyüdyarpaq armud növünün Böyük Qafqaz, Kür-Araz ovalığı və Naxçıvanda da yayılması qeyd olunur. Almadan fərqli olaraq armudun yarpaqları uzun saplaqlıdır, çiçəkləri ağrənglidir, qalxanvari çiçək qrupuna yığılmışdır. Erkəkcikləri 15-20 ədəd olub, qırmızı rənglidir, sütuncuqları sərbəstdir. Meyvəsi yetişəndə kasa yarpaqları tökülür, meyvəsinin ətli hissəsində daşlaşmış hüceyrələr olur. Armud meyvələrində çoxlu şəkər, karbohidrogen və vitaminlər vardır. Onun meyvələri təzə və qurudulmuş halda yeyilir.