Cins: Gypsophila - Çoğan və ya süprüm print

Avroasiya və Qafqazda yayılan 28 növü var. Azərbaycanda 17 növə rast gəlinir. Cinsin növləri gipsli torpaqlarda daha çox yayılmışdır. Azərbaycanın əksər rayonlarında arandan alp qurşağınadək, əsasən əhənglə zəngin torpaqlarda, gilli-daşlı yamaclarda, çay sahillərində, sahil qumluqlarında, alaq bitkisi kimi əkinlərdə rast gəlinir. Azərbaycanda rast gəlinən növlər çoxillik və birillik bitkilərdir. Cinsin növlərinin təyinində, əsasən yarpağın forması, çiçək qrupunun əlamətləri, ləçəyin rəngi kimi əlamətlərindən istifadə olunur. Bir çox süprüm növlərindən saponin alınır, bəzi növləri mal-qara tərəfindən yeyilir.